Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 332) əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir.

Pasportun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Azərbaycan Respublikasının vətəndaşının ümumvətəndaş pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən ümumvətəndaş pasportunu itirərsə, və yaxud onun pasportun oğurlanarsa, yararsız hala düşərsə və etibarlılıq müddəti bitərsə, vətəndaş bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verilməlidir. Eyni zamanda, şəxs yararsız hala düşmüş və yaxud etibarlılıq müddəti bitmiş ümumvətəndaş pasportunu mütləq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verməlidir.

Bu hallarda şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən bu şəxsin adına:

- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 331) əsasən, vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə, xarici ölkə ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müvafiq məbləğdə inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.