Ümumi məlumatlar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:

  • xarici ölkədə pasportunu itirmiş;
  • pasportu oğurlanmış və ya yararsız hala düşmüş;
  • pasportunun etibarlılıq müddəti bitmiş;
  • xarici ölkədə doğulan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış

Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan övladının  ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə” ilə tənzimlənir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında rəsmiləşdirilir.

Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi  (AAseriyalı);
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).

 Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilərlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə - vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.

Xarici ölkələrə səfər edən vətəndaşların nəzərinə! 

Xarici ölkədə pasport oğurlandığı və ya itirildiyi təqdirdə səfirlik və konsulluqlarımız tərəfindən vətəndaşın şəxsiyyətini və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində operativliyin təmin edilməsi məqsədilə xarici ölkəyə səfər etməzdən öncə pasportun və şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması tövsiyyə olunur.

Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) səfirlik və ya konsulluğunda konsulluq uçotuna düşməsi də tövsiyyə olunur. 

bakushop_1