Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi

Konsul aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina edə bilər:

• notariat hərəkətlərinin aparılması qanuna ziddirsə;
• notariat hərəkət başqa konsul, notarius və ya vəzifəli şəxs  tərəfindən aparılmalıdırsa;
• notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan  şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət  etmişsə;
• hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya  əsasnaməsində göstərilən məqsədlərə ziddirsə;
• qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa;
• sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya   
 sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən   məlumatlar varsa;
• əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə.

Konsul notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Aparılmış notariat hərəkətini və ya notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan şəxsin bu barədə konsulun qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır.

Konsul notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunvericiliyi pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurursa, konsul bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.

Konsulun notariat hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin aparılması müddətlərinin pozulması, müəyyən edilmiş qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən baxılır.

Konsulun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.

 

bakushop_1