Vizanın verilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;

36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;

36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur), dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;

36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.

36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi , Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

• 1 ədəd ərizə-anket;

• (2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);

• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

• Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

 

bakushop_1