Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları

Mövcud qanunvericiliyimizin tələblərinə görə, (qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizin ərazisinə etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər.

Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə olduqları xarici ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər.

Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.

Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.

Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsinin 37.2-ci maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.) əsasən və “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə giriş vizalarının rəsmiləşdirilməsi prosesində dəyişikliklər barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında göstərilən hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq beynəlxalq hava limanlarında fəaliyyət göstərən viza şöbələrinə müraciət edə və viza əldə edə bilərlər:

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; 

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi;

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi;

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsi;

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsi;

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsi.

Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılır.