2016-04-14
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar B Ə Y A N A T I

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən 2 aprel 2016-cı il tarixdən başlayaraq qəflətən Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulmuşdur. 

Son hadisələr bir daha göstərir ki, ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, kütləvi şəkildə azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozur, bu isə bütün Azərbaycan xalqının hiddətinə səbəb olur. 

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görmüşlər.

3 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycanın Silahlı Qüvvələri cavab tədbirlərini birtərəfli olaraq dayandırmasına baxmayaraq, Ermənistan ordusu daha da şiddətli hücum əməliyyatları keçirmiş və dinc əhalimizin yaşayış məntəqələrini intensiv atəşə tutmuşlar. 5 aprel 2016-cı il tarixdə saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması elan olunsa da, növbəti günlərdə də təmas xətti boyu Azərbaycan mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutulmuş və bütün bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.

Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyə edən sanitar tibb maşını atəşə tutulmuş, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəymişdir.

Bu faktlar mənim, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfərləri zamanı da müşahidə olunmuşdur.

İşğalçı Ermənistan Respublikası bu gün də beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərərək işğalçılıq əməllərini davam etdirmək və dinc əhalini atəşə tutmaq məqsədilə Azərbaycan Respublikasının ərazilərinə əlavə hərbi-texniki qüvvələr yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirir, bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirirlər. Bütün bunlar işğalçı Ermənistan dövlətinin yeni hərbi cinayətlər törətmək niyyətlərini göstərir.

Ermənistan tərəfi öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, özlərinin törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin törətdiyi kimi qələmə verərək, dünya ictimaiyyətini çaşdırmağa çalışır. Halbuki Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq və öz torpaqlarını müdafiə etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar keçirmişdir.

Məlum olduğu kimi, Ermənistan 1988-ci ildən başladığı və ara vermədən davam etdirdiyi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal etmiş, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt edilmiş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmaqdadır. Təcavüz nəticəsində 20.000-dən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalmışlar.

1994-cü ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə atəşkəs haqqında ikitərəfli razılığın əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür. 

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Eyni zamanda Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan da öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

Cəbhə bölgəsindəki son hadisələrlə bağlı AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmış, bu prosesin çox gecikdirildiyi ilə bağlı fikirlər irəli sürmüşlər.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir.

Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma  müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə çağırıram.

Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, işğalçı Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına inanırıq.

Beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırırıq.

İnanırıq ki, AŞ PA-nın yaz sessiyası çərçivəsində 18 aprel 2016-cı il tarixdə “Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası” mövzusunda aparılacaq müzakirələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın zəbt etdikləri ərazilərindən çıxarılması üçün müvafiq qərarlar qəbul olunacaq.

Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır. Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasda tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaqdır.

 

       Elmira Süleymanova

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

12 aprel 2016-cı il

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.                     

növbəti xəbər əvvəlki xəbər