2016-10-12
2016-cı ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Moldova Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov Moldova Respublikasının Prezidenti Nikolae Timoftiyə öz etimadnamələrini təqdim etmişdir.

Əvvəlcə səfir Fəxri qarovulun önündən keçmiş, əsgərləri salamlamışdır. Daha sonra Prezidentin iqamətgahında etimadnamələrin təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimindən sonra Moldova Respublikasının Prezidenti Nikolae Timofti və Azərbaycan Respublikasının səfiri arasında görüş olmuşdur.

Söhbət zamanı cənab Nikolae Timofti səfirə Moldova Respublikasında səmimi salamlamış və yeni diplomatik vəzifəsində uğurlu fəaliyyət arzulamışdır. O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə olan böyük hörmət və ehtiram hisslərini bildirdi, Azərbaycanın regionda böyük nüfuz sahibi olduğunu qeyd etdi.

Nikolae Timofti ölkəsinin Azərbaycanla ənənəvi dost münasibətinin olduğunu vurğuladı. O qeyd etdi ki, ölkələrimiz arasında bütün sahələrdə müsbət inkişaf dinamikası müşahidə olunur. Bu münasibətlər daha da dərinləşib inkişaf etmək üçün hər bir şərait və potensial vardır. Moldova Respublikasının Prezidenti ölkələrimizin bənzər separatizm problemləri ilə üz-üzə qaldığını qeyd edərək, bütün separatçı qüvvələrə qarşı birgə hərəkət etməyin zərurətini vurğuladı.

Səfir Q.Osmanov öz növbəsində səmimi söhbət üçün təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını cənab Nikolae Timoftiyə çatdırmışdır. Səfir söhbət zamanı Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında əlaqələrin inkişaf etməsi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ona verdiyi tapşırığa əsasən, ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsində güc və bacarığını əsirgəməyəcəyini, qəbul olunmuş razılaşmaların həyata keçirilməsində fəal mövqe tutacağını bildirmişdir.

Etimadnamələrin təqdimetmə mərasiminin sonunda birgə xatirə şəkili çəkilmişdir.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1