2017-01-30
2017-ci ilin yanvarın 30-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Мoldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşü keçirilib.

Pavel Filip 25 il ərzində iki ölkə arasında əldə olunan diplomatik münasibətlərin uğurunu qeyd edib. Eyni zamanda, hökumət başçısı Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq əlaqələrin inkişafına açıq olduqlarını bildirib. O, ikitərəfli dialoqun genişlənməsi və ölkələrarası ticarət həcminin artırılması imkanlarının keçən ilin payızında Azərbaycan prezidenti İlham Əliyev ilə Bişkekdə keçirilən görüşü zamanı müzakirə etdiyini qeyd edib. Bundan əlavə, Baş nazir Moldovanın iqtisadiyyatı və ölkədə biznes mühitin canlanması üçün hökumətin apardığı iqtisadi islahatlar və tədbirlər barədə səfirə məlumat verib. 

Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Moldova arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Səfir keçən ilin sentyabr ayında Bişkekdə keçirilən görüşün nəticəsi olaraq, Azərbaycan Respublikasının rəhbərliyinin tapşırığı ilə 2017-ci ilin birinci yarısında Azərbaycan ilə Moldova arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsinin hazırlaşdığını qarşı tərəfə çatdırıb. Eyni zamanda, diplomat tədbir çərçivəsində iki ölkənin biznes dairələrinin nümayəndələri və sahibkarların iştirakı ilə Moldova-Azərbaycan biznes forumunun keçirilməsi təklifini baş nazirə çatdırıb. Həmçinin, səfir bu ilin 27-28 fevral tarixində Bakıda iki ölkənin XİN-lər arası məsləhətləşmələrin keçiriləcəyi barədə qarşı tərəfə məlumat verib.  Bundan əlavə, Qüdsi Osmanov Moldova hökumətinin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün yaradılan şəraitin Azərbaycan sahibkarları üçün maraqlı olduğunu qeyd etdi.

 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan səfir, Azərbaycanın beynəlxalq prinsip və normalara əsaslanan mövqeyini dəstəkləyən Moldova tərəfinə təşəkkürünü bildirib. Baş nazir ərazi münaqişələrin rasional yanaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.  Bundan əlavə, Qüdsi Osmanov Vüqar Novruzovun rəhbərliyi altında Moldovanın ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan diasporu barədə danışıb və Moldovada milli azlıqlar üçün yaradılan münbit şəraitə görə baş nazirə  təşəkkürünü bildirib.

Görüşün sonunda Pavel Filip yeni təyin olunmuş səfir Qüdsi Osmanova fəaliyyətində uğurlar arzu edib və Moldova hökumətinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığa hazır və açıq olduğunu vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər