2017-02-17
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Fevralın 17-də Azərbaycan Respublikasının Moldovadakı səfirliyi Moldova Azərbaycanlılar Konqresi ilə birgə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Moldova İctimai Palatanın iştirakı ilə Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Moldova dövlət rəsmiləri, Moldova parlamentinin deputatları, ölkədə akkreditə olunmuş xarici diplomatlar, Azərbaycan diasporunun nümayəndələri , alimlər, politoloqlar, jurnalistlər, tələbə və gənclər iştirak edib.

Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Moldovadakı səfiri Qudsi Osmanov Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin diplomat Xocalı faciəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolunu vurğulayıb. O qeyd edib ki, bu səylər nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. "Onlarla jurnalist və şahidlər tərəfindən sənədləşdirilmiş bu faciə dünya ictimaiyyəti tərəfindən tanınmalı və siyasi-hüquqi qiymət verilməlidir. Cinayətkarlar cəzasız qalmamalıdır, çünki bu aqressorlara yeni cinayətlər törətməyə ilham verir", - deyə diplomat bildirib.

Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Büro rəhbərliyinə öz təşəkkürünü bildirib. O vurğulayıb ki, Ermənistanın torpaqlarımıza məqsədyönlü təcavüzü nəticəsində bir milion qaçqın və məcburi köçkünlər doğma torpaqlarından didərgin düşüblər. "Mən əslən hal-hazırda ermənilər tərəfindən işğal altında olan Azərbaycanın Laçın rayonundanam. Bu gün heç bir azərbaycanlı bu doğma torpaqları ziyarət edə bilmir. Biz torpaqlarımızın geri qaytarılması və ədalətin bərqərar olmasına inanırıq və bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. İlk növbədə bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, bələ faciələr gələcəkdə təkrarlanmasın", - deyə diaspor sədri qeyd edib.

Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko çıxış edərək bildirib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə örnək olaraq çatdırılmalıdır. "Ən vacibi odur ki, bizim bu gün bu faciə barədə açıq danışmağa imkanımız var", - deyə o vurğulayıb. 

Türkiyənin Moldovadakı  səfiri  Hulusi Kılıç qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsinin Türkiyənində ağrısı adlandırıb. O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaqdır. Eyni zamanda, səfir Birinci Dünya müharibəsində olmayan soyqırım axtaranlara öncə yaxın tarixdə baş vermiş Xocalı faciəsinə diqqət yetirməyi tövsiyyə edib.

Moldova Parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropa  inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir. "Bizim ölkələri indiyədək həll olunmayan ərazi konfliktlərin mövcudluğu və yaşanmış müharibələrin dəhşətləri birləşdirir. Və bu hadisələrin nəticəsi hər iki dövlət üçün eynidir: çoxsaylı günahsız insan qurbanları", - deyə deputat qeyd edib.

Bakı Beynəlxalq Multikulturalızm mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. Eyni zamanda, o Azərbaycan multikulturalizm modelinin dünyanın ayrı-ayrı yerlərində gedən müharibələr və terrorizmə qarşı yeganə alternativ nümunə olduğunu vurğulayıb.

Beynəlxalq əlaqələr üzrə İsrailli ekspert, politoloq ve “Ağrı” kitabının müəllifi Arye Qut çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yahudilər Azərbaycanda nəinki sığınma məskanı, Vətən tapıblar.  Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu A.Qut bildirib. Müəllif olduğu "Ağrı" kitabından söz açan israillı politoloq, qeyd edib ki, romanın əsas ideyası Xocalı faciəsinin  dəhşətlərinə baxmayaraq, sonda səmimi sevginin qalib gəlməsidir.

Hüquq elmləri doktoru, professor, Ukrayna elmlər akademiyasının üzvü Arif Quliyev iştirakçılara Xocalı soyqırımının şahidləri ilə keçirtdiyi görüşlərdən danışdı. "Bu sözün əsl mənaslnda insan faciəsidi, hansı ki heç bir məntiqə sığmır", -deyə akademik qeyd edib.

Digər natiqlər, o cümlədən Moldovanın ictimai qurumlarının nümayəndələri çıxışlarında Xocalı soyqırımı pisləmiş, ədalət bərqərar olması üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulamışdırlar.

növbəti xəbər əvvəlki xəbər