2017-11-16
Moldovanın Daxili İşlər naziri Dövlət Miqrasiya Xidmətində olub

Azərbaycana səfəri çərçivəsində Moldovanın Daxili İşlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 16-da Dövlət Miqrasiya Xidmətində olub.

Nümayəndə heyəti əvvləcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ulu Öndərin həyat və faliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara baxıblar. Nazir Aleksandr Jizdan Muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Sonra keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində uğurla inkişaf etdiyini, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in olduğunu qeyd edərək, Daxili İşlər nazirinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi nailiyyətləri Xidmət rəisi konkret faktlarla qonağın diqqətinə çatdırıb. Tolerantlığın həyat tərzinə çevrildiyi, multikultural dəyərlərə xüsusi önəm verilən, sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmizdə sabitliyin tam təmin edildiyini, əcnəbilərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu deyib.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət açıb, miqrasiya proseslərinin idarəolunması, qanunsuz miqrasiyaya qarşı mübarizə kimi mövzularla bağlı fikirlərini bölüşüb. Bildirib ki, 1 iyul 2009-cu ildən  miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.  Vahiq Miqrasiya Məlumat Sisteminin iş prinsipindən bəhs edən Xidmət rəisi söyləyib ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. 

DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin fəaliəyəti barədə məlumat verən Xidmət rəisi qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinə, bu istiqamətdə görülən işlərə, əldə edilən nəticələrə toxunub. F.Nəbiyev vurğulayıb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində səylərini ilbəil artırır. İnsan alveri ilə mübarizə üzrə əsas səlahiyyətlər DİN-in İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilsə də, Dövlət Miqrasiya Xidməti insan alveri qurbanlarının aşkarlanmasını dəstəkləyir və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri zamanı insan alveri qurbanlarının olması ehtimalını nəzərə alır və onlara münasibətdə həssas yanaşma tətbiq edir. Ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını 2010-cu ildə ratifikasiya edib. 

F.Nəbiyev əlavə edib ki, ölkəmiz miqrantların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin idarəolunması və proqnozlaşdırılması məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Avropa İttifaqı və bir neçə ölkə ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılmasını həyata keçirməklə, onların insan hüquqlarının müdafiəsini də təmin edir.

Görüşdə hazırda Moldova ilə Azərbaycan arasında da readmissiya sahəsində sazişin imzalanması istiqamətində görülən işlərə dair müzakirələr aparılıb.

F.Nəbiyev ölkələrimizin müəyyən mənada oxşar problemlərlə üzləşdiyini də xatırladaraq, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, respublikamızın keçən əsrin 90-cı illərində üzləşdiyi məcburi qaçqın və köçkün problemi, respublika hökumətinin bu gün həmin şəxslər üçün yaratdığı şərait barədə də ətaraflı danışıb.

Azərbaycan və Moldova hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini deyən Daxili İşlər naziri Aleksandr Jizdan ölkəmizə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edib.

Görüşdə miqrasiya proseslərinin idarəedilməsi sahəsində təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, gələcəkdə qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Moldovadakı səfiri Q.Osmanov və Moldovanın ölkəmizdəki səfiri G.Leuke iştirak ediblər.

 

növbəti xəbər əvvəlki xəbər

bakushop_1