2017-12-10
Cari ilin 10 dekabr tarixində Moldova Respublikasının paytaxtı Kişineu şəhərində Moldova Respublikası beynəlxalq qadın klubunun təşkilatçılığı və xarici ölkələrin Moldova Respublikasında akkreditə olunmuş Səfirlik və Baş Konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin, həmçinin Moldova Respublikasının bir sıra ictimai qurumlarının iştirakı ilə XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkası adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Moldova Respublikasında akkreditə olunmuş Səfirliyi və Moldova azərbaycanlıları Konqresi də fəal iştirak edərək, xeyriyyə məqsədi ilə keçirilən tədbirə öz dəstəyini vermişdir. Qeyd edək ki, tədbirdə Azərbaycan stendi qurulmuş, stend ölkənin milli rəmzi olan bayraqla bəzədilmiş və Azərbaycan mətbəxinə məxsus şirniyyatlar, çay,  milli kalağayı və s. nümayiş olunmuşdur. Tədbirdə Moldova Respublikası prezidenti İqor Dodon da iştirak edərək, Azərbaycan stendini də ziyarət etmişdir. Mərasimin sonunda satışdan əldə olunan vəsait iştirakçılar tərəfindən xeyriyyə məqsədi ilə təşkilatçıya təhvil verilmişdir.

Bildiririk ki, bu tipli tədbir hər il Moldova Respublikasında keçirilir və yuxarıda da qeyd olunduğu kimi o, xeyriyyə məqsədi daşıdığından, əldə olunan pul vəsaiti kasıblara, kimsəsizlərə və bütövlükdə ehtiyacı olan şəxslərin ehtiyacını ödəmək üçün sərf olunur.

növbəti xəbər əvvəlki xəbər