2018-02-27
Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib.

Fevralın 26 Moldova Azərbaycan Konqresinin gənclər təşkilatı ilə Moldova azərbaycanlı tələbələr birliyi Moldovanın paytaxtı Kişinyovun mərkəzi meydanında yerləşən Ştefan Şel Mare heykəlinin önündə fleşmob keçirib və Moldovada Ermənistan Respublikasının Səfirliyinə yürüş aksiyası ediblər.

Gənclərin aksiyası yerli əhalinin  Xocalı faciəsi ilə əlaqədar insanların diqqətini çəkmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırım aktı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyıb. Aksiya iştirakçıları tərəfindən Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər yol boyu Kişinyov sakinlərinə və turistlərə paylanılıb. 

Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət", "Aqresiyaya son", "Qarabağ bizimdir və bizim olacaq", "Serj Sarkisyan terroristdir" şüarları ilə Moldovada Ermənistan Respublikasının Səfirliyinin önünə qədər yürüş ediblər, orada aksiya davam edib.

Moldova azərbaycan Konqresinin gənclər təşkilatının sədri Səfər Məmmədov aksiya iştirakçıları önündə çıxış edib, dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.

Moldovada azərbaycanlı tələbələr birliyinin sədri Orxan Ağayev yerli mediaya çıxışında qeyd edib ki, keçirilən aksiya ilə Moldovada yaşayan azərbaycan gəncləri bütün dünyaya erməni işğalçıların dinc sakinlərə qarşı törətdikləri amansız cinayətlərini tanıtmaq istəyirlər.

Sonda aksiya iştirakçıları tərəfindən Moldovada BMT-nin və ATƏT-in nümayəndəliklərinə Xocalı soyqırımın tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbi ilə bəyannamə çatdırılıb.  

Azərbaycan Respublikasının

Moldovadakı Səfirliyinin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər