2018-02-28
Fevralın 27-i Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində Azərbaycanın Moldovada Səfirliyi və Moldova Azərbaycan konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Muzeyin xolunda Xocalı faciəsini əks etdirən foto sərgi təşkil olunub.

Tədbirdə Moldovada akkreditə olan diplomatik korpusun nümayəndələri, o cümlədən Belorus, Türkiyə, Qətər səfirləri, ictimai xadimlər, yerli jurnalistlər, azərbaycanlı və türk tələbələri, o cümlədən Moldovada yaşayan həmvətənlərimiz iştirak ediblər.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar. 

Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Səfir Qüdsi Osmanov, 1992-ci il fevralın 26-da bütün dünyanı öz dəhşəti ilə sarsıdan Xocalı faciəsindən 26 il keçdiyini qeyd edərək həmin günün Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olduğunu deyib. Diplomat Azərbaycanın dinc əhalisinə qarşı törədilən bu qətliamın təşkilatçılarının bu gün Ermənistanın rəhbərliyində olduğunu iştirakçılara çatdırıb.

Səfir belə dəhşətli hadisələrin dünyanın heç bir yerində bir daha baş verməməsi üçün erməni faşizmini və vandalizmini ifşa edən Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və Azərbaycanın haqq səsinin bütün dünyada yayılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük rol oynadığını bildirib.

Dağlıq Qarabağ münaqişənin həllinə toxunan səfir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq  ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən söz açıb.

Moldovanın Millətlərarası Bürosunun rəhbəri Oleq Babeko çıxışında Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırım barədə dünya ölkələrinin məlumatlandırılmasını vacib olduğunu bildirib. Tədbirdə bir çox millətlərin nümayəndələrinin iştirakını qeyd edən natiq, ağır gündə Moldova xalqının Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Moldova Azərbaycan Konqresinin sədri Vüqar Novruzov Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli səhvlərindən biri olduğunu söyləyərək, faciə qurbanlarını soyqırımın rəmzi kimi əbədi azərbaycan xalqının qəlbində yaşayacaqlarını deyib. O, Moldova Azərbaycan Konqresi tərəfindən Xocalı ilə əlaqədar Moldovada aparılan təbliğat işləri barədə iştirakçılara məlumat verib. "Ermənilərin uydurma soyqırımı barədə faktlar axtaran şəxslər, ilk öncə Azərbaycan tarixinə müraciət edib, Xocalı faciəsini araşdırmalıdırlar" deyə, Vüqar Novruzov bildirib. 

Moldova Parlamentinin deputatı, parlamentin xarici əlaqələr və Avropaya İnteqrasiya komitəsinin katibi Sergey Stati çıxışında Azərbaycan xalqına baş sağlığı verib, Xocalı soyqırımının Azərbaycan xalqının şuurunda fundamental yer tutduğunu bildirib. Faciənin ağır nəticələrindən danışan millət vəkili 1992-cu illin Moldova tarixi üçün də ağır və iztirablı olduğunu vurğulayıb. "Bu hadisələrə doğru qiymət vermək üçün imkanları qiymətləndirmək lazımdır ki, belə hadisələr gələcəkdə təkrarlanmasın", - deyə deputat bildirib.

Moldovada Türkiyə Səfirinin vəzifələrini müvəqqəti icra edən İskender Okyay tədbirin Xocalı faciəsinin əsrin diqər dəhşətli hadisələri ilə bir sırada durduğunu bildirib. O bu hadisənin insanlığın utancı, xəstə milliyyətçiliyin və təcavüzün təzahürü adlandırıb. Faciənin Türkiyənin qardaş dövlətinə qarşı törədildiyini qeyd edən səfir, erməni cəlladlarının hələ XX əsrin əvvəllərində oxşar hadisələrin türk xalqının başına gətirmək və sonra uydurma soyqırımı bəsləmək cəhdlərini xatırlayıb.

Qafqaz, Gürcü və Buxar yəhudilər icmasının sədri Aleksandr Xanukayev Xocalı faciəsinin heçkəsi laqeyd qoymadığını söyləyib. Yəhudi xalqının azərbaycan xalqının qəm və kədərini bölüşdüyünü bildirib.

Moldova Respublikasının Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko erməni  işğalçılarının Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, lakin buna nail olmadıqlarını söyləyib. O eyni ssenarinin Moldova xalqı üçün yazıldığını vurğulayaraq, bu dəhşətli faciədən dərs çıxarmağa çağırıb.

Moldovada Ukrayna icmasının rəhbəri Nikolay Oleynik dünya ölkələri tərəfindən bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin və bu cinayətin təşkilatçılarının cəzalandırılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu gün ki hərtərəfli inkişaf edən Azərbaycan Xocalı qurbanlarının xatirəsinə ən layiqli abidədir.

Moldovada türk biznesmenləri assosiasiyasının sədri İslam Səyid Xocalıdakı kimi qırğınların dünyanın heç bir yerində bir daha baş verməməsi üçün Xocalı soyqırımının dünyada tanınması və erməni cinayətkarları məsuliyyətə cəlb etməyin vacibliyini vurğulayıb.

Moldovada Bakı multikulturalizm mərkəzinin rəhbəri Aureliya Qriqoriu artıq "Xocalıya ədalət" şüarlarının dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.

Tədbirdə Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran “Zülmətdən qaçış” (Running from the darkness) sənədli filmi nümayiş olunub. Həmçinin, iştirakçılara Xocalı soyqırımı ilə bağlı bülletenlər paylanılıb.

növbəti xəbər əvvəlki xəbər