2018-05-09
Cari ilin 08 may tarixində Şuşanın işğalının 26 ildönümü ilə əlaqədar Səfirlik və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasında Şuşanın işğalına həsr olunmuş abidə önündə mərasim keçirilmişdir. Mərasimdə Səfirliyin heyəti və Konqres nümayəndələri, azərbaycanlı və moldovalı tələbələr iştirak etmişlər.

Tədbirdə çıxış edən Səfir Qüdsi Osmanov Azərbaycanın qədim mədəniyyət  mərkəzi və musiqi beşiyi olan Şuşanın erməni separatistləri tərəfindən bu gün işğalından 26 ilin ötdüyünü, işğalın hazırda da davam etdiyini, işağl zamanı yüzlərlə mədəniyyət, tarixi abidələrimizin, minlərlə yaşayış məskənlərinin erməni  işğalçıları tərəfindən amansızcasına dağıdıldığını, məhv edildiyini, minlərlə insanın öz doğma yurd-yuvasından didərgin, qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və yüzlərlə insanın  xüsusi vəhşiliklə qətlə yetirildiyi, əsir və girov götürüldüyünü xüsusilə vurğulamışdır. Diplomat qeyd etmişdir ki, bu gün hər bir azərbaycanlı gənc öz tarixini, keçmişini yaxşı bilməli, torpaq təəssübkeşliyi hər bir azərbaycanlının qanında olmalıdır.

Öz növbəsində Konqresin sədri Vüqar Novruzov da çıxış edərək, tarixi Azərbaycan torpaqlarının hazırda işğal altında olduğunu, torpaqları qorumağın hər birimizin borcu olduğunu demişdir.

Tədbirin sonunda, iştirakçılar abidə önünə əklillər qoymuşlar.

 Bundan əlavə, Səfirliyin konfrans zalında dəyirmi masa keçirilmişdir. Qeyd olunan tədbirdə Azərbaycanlı və Moldovalı tələbələr iştirak etmişlər. İştirakçıların diqqətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tarixi faktlar və həqiqətlər çatdırılmışdır.

Tədbirdə çıxış edən Azərbaycanlı tələbələr yerli Moldova və xarici tələbələrə Azərbaycan Respublikasının 20%-dən çox torpağının işğalçı Ermənistan Respublikası tərəfindən işğal olunduğunu, 1 milyondan artıq insanın öz doğma torpaqlarından qovulduğunu və bu gün də qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olduqlarını, Ermənistanın hazırda da işğalçı siyasətini davam etdirdiyini, işğalçı ordunun təmas xəttində dəfələrlə atəşkəsi (1994-cü ildə atəşkəs əldə edilmişdir) pozduğunu, günahsız mülki əhali də (qadın, uşaq vəs) daxil olmaqla, əsgərlərimizin erməni vandalizminin, amansızlığının qurbanlarına çevrildiyini bildirmişlər. Tələbə cəmiyyətinin sədri Orxan Ağayev də öz növbəsində, ermənilərin, azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin, cinayətlərin, soyqırımların XX əsrin əvvələrindən bu günə qədər baş verdiyini, 1905-1907-ci illər, 1918-ci il mart, 1992-ci il Xocalı soyqırımı və s. barədə ətraflı məlumat vermişdir.

Daha sonra münaqişə ilə bağlı Moldova tərəfini maraqlandıran suallar cavablandırılmışdır.

Münaqişəyə dair ətraflı məlumat əldə edən Moldovalı tələbələr də öz növbəsində baş vermiş işğalı pisləmiş, işğalın heç bir halda qəbul edilməzliyini bildirərək, hər bir suveren, müstəqil dövlətin, o cümlədən Azərbaycan Respublikasının da ərazi bütövlüyünün toxunulmaz olduğunu qeyd etmişlər.

Tədbirin sonunda Şuşanın işğalına dair sənədli film nümayiş olunmuşdur.

Səfirliyin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər