2018-05-31
29 May tarixində Azərbaycan Respubikasının Moldova Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş ziyafət verilmişdir.

Tədbirdə Moldova Respublikasının dövlət rəsmiləri, o cümlədən Moldovanın hakim partiyasının sədri Vlad Plaxotnyuk, Moldova Respublikasının bir sıra dövlət nazirləri, Moldova parlamentinin birinci vitse-spikeri və deputatları, Moldova Respublikasında akkreditə olunan Səfirlik və Baş Konsulluqların, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, Moldovanın tanınmış ictimai-siyasi xadimləri, yerli KİV nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, biznes və ticarət sahəsində ölkənin qabaqcıl iş adamları  və digər qonaqlar iştirak etmişlər.
Rəsmi mərasimə başlamazdan əvvəl, tədbir iştirakçıları foyedə sərgilənmiş Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş İRS jurnalının buraxılışı və Heydər Əliyevin azərbaycan, ingilis və rus dillərində nəşr edilən “Deyilən söz yadigardır” aforizmlər kitabı ilə tanış olmuşlar.

Mərasimin əvvəlində Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndirilmişdir, sonra Azərbaycan Respublikasının 100 illik tarixini özündə əks etdirən foto göstərilmiş, qonaqlara Azərbaycanın qədim tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini, tarixi dərin köklərə bağlanan adət-ənənələrini, həmçinin ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlarını əks etdirən sənədli film nümayiş olunmuşdur. 


Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov  bildirmişdir ki, 100 il bundan əvvəl 28 may 1918-ci ildə ilk dəfə olaraq Şərqdə dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil Azərbaycan Respublikası yaradılmışdır. Diplomat qeyd etmişdir ki, yeni qurulmuş Respublika qısa müddət ərzində böyük nailiyyətlər əldə etmiş, həmən dövrdə müstəqil dövlətin əsasları, ölkəmizin 70 il sonra yenidən müstəqillik əldə etməsi üçün təməl qoyulmuşdur. Səfir 1993-cü ildə Ümumilli Lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı isə müstəqil və inkişaf edən Azərbaycanın tarixində yeni səhifə açildığını söyləmişdir. Diplomat Əsrin Müqaviləsindən, eləcə də enerji və nəqlliyyat sahəsində reallaşdırılan uğurlu layihələrdən söhbət açmışdır. Bundan əlavə, diplomat Ümumilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasını, hər sahədə müşahidə olan inkişafdan danışmışdır. Azərbaycan ilə Moldova arasında dostluq münasibətlərinə toxunan səfir, bu əlaqələrin qarşlıqlı maraq və əməkdaşlıq əsasında qurulduğunu qeyd etmiş, iki ölkənin oxşar sevinc və problemlərindən söz açmışdır. O, Moldovanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq prinsip və normalarından irəli gələrək, Azərbaycanın haqlı mövqeyini müdafiə etiyini, bu dəstəyin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini  və Moldovanın da oxşar problemində Azərbaycanın daim onun yanında olacağını qeyd etmişdir.

Daha sonra Moldovanın İqtisadiyyat və infrastruktur naziri, Azərbaycan-Moldova arasında hpkumətlərarası komissiyanın Moldova tərəfindən sədri Kirill Qaburiç çıxış etmişdir. Çıxışında  dövlətlərimiz arasında mövcud olan sıx və mehriban ikitərəfli münasibətlərə toxunan nazir, bu əlaqələrin istər regional, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzu olunan müstəvidə inkişafından öz məmnunluğunu ifa etmişdir. Həmçinin nazir 4 il Azərbaycanda işlədiyini və bunun onda xoş təəssürat oyatdığını bidirmişdir.

Mərasimdə Moldova Respublikasında yaşayan həmyerlimiz, opera ifaçısı Gülnarə Ralyanu və Moldovanınn tanınmış musiqiçisi Konstantin Moskoviçin səsləndirdikləri Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin “Sən gəlməz oldun”, Ələkbər Tağıyevin “Sənə də qalmaz” əsərlərini, eləcə də digər milli və xarici tanınmış musiqiçilərin əsərləri, həmçinin Moldovanın milli rəqs qrupunun Azərbaycan milli mahnılarını məharətlə etdiyi ifa tədbir iştirakçılarının zövqünü oxşamışdır.

Tədbir Moldovanın yerli KİV-də geniş işıqlandırılmışdır. 

növbəti xəbər əvvəlki xəbər