2018-11-05
Moldovanın paytaxtı Kişineu şəhərində III Şərq Tərəfdaşlığı E-infrastrukturu konfransı (EaPEC 2018) keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) AZƏRTAC-a bildiriblər ki, konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əməkdaşlığın qurulması məqsədilə təşkil edilib.

Tədbir çərçivəsində kibertəhlükəsizlik, bulud xidmətləri, milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçirilib.

“Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafatçılar sırasında ADNSU-nun Faydalı qazıntı yataqları süxurlarının fiziki xassələri laboratoriyasının müdiri Ədalət Həsənov da olub. Laboratoriya əməkdaşları tərəfindən təqdim edilmiş “Azərbaycanda neft və qaz yataqlarının öyrənilməsinə dair vahid məlumat bazasının yaradılması" mövzusunda layihə müsabiqənin qaliblərindən biri seçilib.

Konfransda məruzə ilə çıxış edən Ə.Həsənov sözügedən layihə barədə məlumat verib və aparılacaq tədqiqatların əhəmiyyətini vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər