2018-11-26
Gömrük Komitəsində GUAM-ın rəqəmsal ticarət qovşağının yaradılması məsələsi müzakirə edilib

Dövlət Gömrük Komitəsində GUAM-ın rəqəmsal ticarət qovşağının yaradılması məsələsi müzakirə edilib

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, müzakirə noyabrın 23-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası zamanı aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitri Volovey və GUAM katibliyinin proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov iştirak ediblər.

İclasda Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 28-ci iclasının protokolu, eləcə də sözügedən layihənin GUAM-a üzv ölkələrdə icra vəziyyəti, GUAM-a üzv dövlətlərin baş nazirlərinin bu il oktyabrın 5-də Kişinyov şəhərində keçirilən görüşünün yekunları, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədilə hüquqi bazanın yaradılması perspektivləri müzakirə olunub. Eyni zamanda, “GUAM-ın rəqəmsal ticarət qovşağı”nın yaradılması, tranzit, səlahiyyətli iqtisadi operatorlar və digər məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev çıxış edərək GUAM çərçivəsində əməkdaşlığın vəziyyətindən məmnunluqla bəhs edib və bu əməkdaşlığın beynəlxalq ticarətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İ.Babayev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dayanıqlı iqtisadi inkişaf strategiyası gömrük orqanlarının fəaliyyətində də öz əksini tapıb. Komitə sədrinin müavini son dövrlərdə gömrük orqanlarında aparılan islahatlar barədə məlumat verib və qeyd edib ki, mərhələlərlə həyata keçirilən islahatlar gömrük orqanlarının daha çevik və səmərəli fəaliyyət göstərməsinə, şəffaflığın tam təmin olunmasına şərait yaradıb. Struktur islahatlarının başa çatdırıldığı, gömrük əməkdaşlarının mövcud potensialının müəyyənləşdirilməsi və artırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində aparılan yenidənqurma işləri, ticarətin asanlaşdırılması mərkəzlərinin təşkili, GUAM ölkələri ilə ticarət dövriyyəsinin vəziyyəti barədə də məlumat verilib.

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitri Volovey və GUAM katibliyinin nümayəndəsi Səbuhi Təmirov məruzələrində təşkilat çərçivəsində əməkdaşlığın hazırkı durumu, gələcək perspektivlər, eyni zamanda, üzv ölkələrdə gömrük sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən innovativ layihələr barədə məlumat veriblər.

İclasda gələcəkdə gömrük prosedurlarının sadələşdirilməsi və mal və nəqliyyat vasitələrinin GUAM-a üzv ölkələrin dövlət sərhədlərindən hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində işin davam etdirilməsi, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədilə hüquqi bazanın yaradılması imkanlarının nəzərdən keçirilməsi, Azərbaycan tərəfinin “GUAM-ın rəqəmsal ticarət qovşağı” portalını hazırlayıb başa çatdırması və bu portalın sınaq rejimində istifadəyə verilməsi və növbəti iclasın Gürcüstanda keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclasın yekun protokolu imzalanıb.

növbəti xəbər əvvəlki xəbər