2019-04-18
17 aprel Tiraspol Universitetində görüş

 

Cari ilin 17 aprel tarixində Kişinauda yerləşən Tiraspol Dövlət Universitetində (Pridnestr Dövlət Universiteti) “Şərq Tərəfdaşlığının 10 illik yübileyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Universitetin rektoru, professorları, müəllim heyəti, politoloqlar və tələbələr iştirak etmişdirlər.

Qeyd edək ki, Tiraspol Dövlət Universiteti  Moldova Respublikasının dövlət universitetləri siyahısına daxildir. Universitet Moldova SSR-də təsis edilən ilk ali təhsil müəssisəsi (01.10.1930-cu ildə təsis edilmişdir) olmaqla, Moldovanın görkəmli şairi Taras Qriqoryeviç Şefçenkonun adını daşıyır. Universitet Dnestriyani münaqışəsi zaman separatizmin qurbanları olaraq, müəllim heyəti ilə birgə evakuasiya edilərək Kişinau şəhərində yerləşdirilmişdir.

Təşkil edilmiş dəyirmi masada Səfirliyin əməkdaşı L.Orucova iştirak etmişdir. İlk öncə Azərbaycan-Moldova münasibətlərindən söz açaraq, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dinamik və müsbət müstəvidə inkişaf etdiyini bildirmiş, iki ölkə arasında mövcud diplomatik münasibətlər barədə tələbələrə məlumat vermişdir.

Daha sonra L.Orucova əsası Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin düşünülmüş və müdrik siyasətindən, onun Azərbaycan Respublikası və xalqı üçün gördüyü işlərdən və əsası Ulu Öndər tərəfindən qoyulmuş düzgün və çoxşaxəli xarici siyasət kursunun bu gün ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən layiqincə davam etdirildiyindən, ölkədə həyata keçirilən çoxsaylı islahatlardan danışmışdır.

L.Orucova tədbir iştirakçılarına Azərbaycanın  Avropa İttifaqı ilə tərəfdaşlığının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, Azərbaycanda siyasi və iqtisadi islahatların bu gün də aparıldığını, ölkəmizdə demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm verildiyini qeyd etmişdir. Bundan əlavə, L.Orucova Aİ-nın Azərbaycanın əsas ticarət tərəfdaşı olması nəticəsində Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılması barədə, Cənub Qaz Dəhlizi layihəsinin perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə  Azərbaycanın Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilməsindən,eləcə də enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf və ölkəmiz üçün vacib maraq kəsb edən, əsas prioritet olan digər sahələrdən  də danışmışdır.

Daha sonra L.Orucova Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Münaqişənin tarixi barədə qısa məlumat verən əməkdaş Azərbaycanın ərazi bütövlüyünün erməni separatizmi nəticəsində pozulduğunu, bu gün də torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal altında olduğunu, ermənistanın beynəlxalq hüququn prinsip və normalarını pozduğunu, onlara məhəl qoymadığını, işğal nəticəsində 1 (bir) milyondan çox həmvətənlərimizin doğma yurd-yuvalarından didərgin düşdüyünü, qaçqın və məcburi köçkünə çevrildiyini və onların ermənistanın mənfur etnik təmizləmə siyasətinə məruz qaldığından danışmışdır. Əməkdaş BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilməsinə baxmayaraq, bu günədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini xüsusi vurğulamışdır.

L.Orucova çıxışının sonunda tələbələrə  “Mən Azərbaycan barədə nə bilirəm” mövzusunda müsabiqənin açıq olduğunu elan etmişdir. Öz növbəsində müsabiqə həm universitetin rəhbərliyi, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanmışdır.

Görüşün sonunda Tiraspol Dövlət Universitetinin kitabxanasına rumın dilində dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabları, “Bakı”, “İrs” və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Xocalıya Ədalət” bukletləri təqdim edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər