2019-09-04
Qüdsi Osmanovun İqor Dodonla 03.09.2019-cu il tarixli görüşü

Cari ilin 03 sentaybr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşmüşdür.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilmiş, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran müxtəlif sahələrinə dair tərəflər arasında fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı həmçinin iki ölkə arasında mövcud olan ticarət-iqtisadi əlaqələrə də toxunulmuşdur. Belə ki, söhbət zamanı hazırda Moldova ərazisində azərbaycan kapitalı ilə qeydiyyatdan keçən təxminən 130-a yaxın şirkətin olması faktı məmnunluqla qeyd edilsə də, mövcud potensialın kifayət qədər istifadə edilmədiyinə işarə olunaraq, qarşılıqlı maraq doğuran perspektiv istiqamətlərdə birgə dialoqun, əlaqələrin daha da gücləndirilməsi vurğulanmışdır.

Tərəflər ölkələr arasındakı sosial və humanitar əməkdaşlığın aspektlərinə ayrıca nəzər salarkən, dövlət başçısı Azərbaycan tərəfinə Moldova Respublikasına, xüsusilə də Qaqauziya Muxtar Ərazisinə göstərdiyi diqqət və yardıma görə minnətdarlığını bildirmişdir.

Əlavə olaraq, hər iki tərəf müəyyənləşdirdi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqa şəhərində inşa olunan Uşaq yaradıcılıq Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Öz növbəsində İqor Dodon qeyd etmişdir ki, həmin layihənin reallaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə 2017-ci ildə baş tutan görüşü zamanı əldə olunmuş şəxsi razılıq əsasında mümkün olmuşdur.

Görüşün sonunda İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2019-cu ilin IV rübündə Moldova Respublikasına rəsmi səfərə dəvət edərək,  Səfir Qüdsi Osmanov vasitəsi ilə dəvətnamə göndərdi.

növbəti xəbər əvvəlki xəbər