2019-10-07
Ədəbiyyat İnstitutunda əcnəbi yazıçılarla görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Oman Mədəniyyət Assosiasiyasının prezidenti Aişə Əd Dərməki, Serbiya Yazıçılar Birliyinin fəxri sədri Radomir Andriç, Moldova Pen Təşkilatının sədri Leo Butnaru və Slovakiya şairi Valeri Kupka ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Avrasiya yazıçılarının “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çox böyük əhəmiyyətə malikdir. Bu, həqiqətən böyük ədəbiyyat hadisəsidir, bütün tərəflər üçün əhəmiyyətlidir. Azərbaycan üçün də ev sahibi kimi əhəmiyyətli və məsuliyyətlidir. Bu tədbir bundan sonra da ədəbiyyatın dünyada inkişafına böyük təkan verən hadisə olacaq.

İsa Həbibbəyli deyib: “İnstitutumuzda ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi şöbələri var. Bundan başqa, dünya ədəbiyyatı şöbəsi var ki, həmin şöbədə daha çox Qərb, əsasən Avropa ədəbiyyatı öyrənilir.

Eyni zamanda, Asiya və türk xalqları ədəbiyyatını öyrənən şöbələrimiz var. Bu ölkələrin bəzilərinə aid mütəxəssislər var, bir çoxu isə yeni formalaşır. Oman ədəbiyyatını son illərdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə birgə öyrənirik. Artıq nəticə var, Oman ədəbiyyatının nümayəndələri Azərbaycan dilinə tərcümə olunub, ilk dəfə antologiya çap edilib. Bu iş davam edir, oradakı həmkarlarımızla əlaqə qurmuşuq. Sizin gəlməyiniz də bu əlaqələrin inkişafına kömək edəcək.

Avropa ədəbiyyatı haqqında onu əlavə edə bilərəm ki, sovet dövründən fərqli olaraq indi Moldova ədəbiyyatı Rumıniya ədəbiyyatı ilə bir yerdə öyrənilir”.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu görüşün təşkili üçün akademik İsa Həbibbəyliyə təşəkkür edərək qonaqların fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Aişə Əd Dərməkinin rəhbərlik etdiyi təşkilat Oman Sultanının diqqət mərkəzində olan bir qurumdur.

“Biz ilk dəfə olaraq əlliyə yaxın omanlı müəllifi əhatə edən “Oman ədəbiyyatı” xüsusi nəşrinin çapına nail olmuşuq. İmamverdi Həmidovun iştirakı ilə Oman haqqında məqalələr kitabını çap etmişik. Gələcəkdə azərbaycanlı alimlərin Omanda, eləcə də onların burada məqalələrini nəşr etməyi düşünürük”, - deyə S.Babullaoğlu bildirib.

Daha sonra Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova və qonaqlar çıxış edərək belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər.

növbəti xəbər əvvəlki xəbər