2021-10-01

Moldovanın daxili işlər naziri Anna Revenko Azərbaycan Respublikasının Moldovadakı səfiri Qutsi Osmanov ilə görüşüb.

Müzakirələr zamanı hər iki tərəf Moldova DİN ilə Azərbaycan DİN arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində ikitərəfli münasibətlərin çox yaxşı inkişaf etməsini vurğulayıb.

Nazir ikitərəfli dialoqun daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək qeyd edib ki, Moldova Daxili İşlər Nazirliyi həm cari layihələrin dəstəklənməsində, həm də müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş cinayətlərin təhqiqatında əməkdaşlığın möhkəmlənməsi baxımından yeni layihələr başlanmasında, “Darknet” internet platforması vasitəsilə narkotik maddələrin yayılmasının qarşısının alınması, transsərhəd cinayətkarlığa qarşı mübarizə və sair sahələrdə təcrübə mübadiləsi aparmaqda maraqlıdır.

Anna Revenko deyib: “Daxili İşlər Nazirliyi cəmiyyət üçün ən mühüm təsisatlardan biridir. Mənim məqsədim müasir və yaxşı hazırlanmış sistem qurmaqdır ki, vətəndaşlar hər yerdə özlərini müdafiə olunmuş hiss etsinlər. Bundan ötrü biz təcrübə mübadiləsi aparmalı, yeni metodları mənimsəməliyik ki, nəticə etibarilə bizim əməkdaşlarımız daha yaxşı təlim alsınlar, yanğın, yol-nəqliyyat hadisəsi kimi hallara daha yaxşı müdaxilə edə bilsinlər”.

Azərbaycan səfiri bildirib ki, Azərbaycan müxtəlif sahələrdə daxili işlərin geniş spektrli məsələlər üzrə sıx əməkdaşlıqda maraqlı və buna hazırdır. Diplomat iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında yeni saziş imzalanmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib, Azərbaycanın daxili işlər naziri adından A.Revenkonun Azərbaycana işgüzar səfərə dəvət olunmasını təsdiqləyib.

Arxiv üzrə axtarış