2019-04-18
17 aprel Tiraspol Universitetində görüş

Cari ilin 17 aprel tarixində Kişinauda yerləşən Tiraspol Dövlət Universitetində (Pridnestr Dövlət Universiteti) “Şərq Tərəfdaşlığının 10 illik yübileyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Universitetin rektoru, professorları, müəllim heyəti, politoloqlar və tələbələr iştirak etmişdirlər.

Qeyd edək ki, Tiraspol Dövlət Universiteti  Moldova Respublikasının dövlət universitetləri siyahısına daxildir. Universitet Moldova SSR-də təsis edilən ilk ali təhsil müəssisəsi (01.10.1930-cu ildə təsis edilmişdir) olmaqla, Moldovanın görkəmli şairi Taras Qriqoryeviç Şefçenkonun adını daşıyır. Universitet Dnestriyani münaqışəsi zaman separatizmin qurbanları olaraq, müəllim heyəti ilə birgə evakuasiya edilərək Kişinau şəhərində yerləşdirilmişdir.

Təşkil edilmiş dəyirmi masada Səfirliyin əməkdaşı L.Orucova iştirak etmişdir. İlk öncə Azərbaycan-Moldova münasibətlərindən söz açaraq, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dinamik və müsbət müstəvidə inkişaf etdiyini bildirmiş, iki ölkə arasında mövcud diplomatik münasibətlər barədə tələbələrə məlumat vermişdir.

Daha sonra Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin düşünülmüş və müdrik siyasətindən, onun Azərbaycan Respublikası və xalqı üçün gördüyü işlərdən və əsası Ulu Öndər tərəfindən qoyulmuş düzgün və çoxşaxəli xarici siyasət kursunun bu gün ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən layiqincə davam etdirildiyindən, ölkədə həyata keçirilən çoxsaylı islahatlardan danışılmışdır.

Bundan əlavə Azərbaycanın  Avropa İttifaqı ilə tərəfdaşlığının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğu, Azərbaycanda siyasi və iqtisadi islahatların bu gün də aparıldığını, ölkəmizdə demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm verildiyi qeyd edilmişdir. Həmçinin, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olması nəticəsində Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılması barədə, Cənub Qaz Dəhlizi layihəsinin perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə  Azərbaycanın Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilməsindən, eləcə də enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf və ölkəmiz üçün vacib maraq kəsb edən, əsas prioritet olan digər sahələrdən  də danışılmışdır.

Daha sonra tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulmuşdur. Münaqişənin tarixi barədə qısa məlumat verilmiş, Azərbaycanın ərazi bütövlüyünün erməni separatizmi nəticəsində pozulduğu, bu gün də torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal altında olduğu, Ermənistanın beynəlxalq hüququn prinsip və normalarını pozduğu, onlara məhəl qoymadığı, işğal nəticəsində 1 (bir) milyondan çox həmvətənlərimizin doğma yurd-yuvalarından didərgin düşdüyü, qaçqın və məcburi köçkünə çevrildiyi və onların Ermənistanın mənfur etnik təmizləmə siyasətinə məruz qaldığı qeyd edilmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilməsinə baxmayaraq, bu günədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi xüsusi vurğulanmışdır.

Tədbirin sonunda tələbələrə  “Mən Azərbaycan barədə nə bilirəm” mövzusunda müsabiqə açıq elan edilmişdir. Öz növbəsində müsabiqə həm universitetin rəhbərliyi, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanmışdır.

Görüşün sonunda Tiraspol Dövlət Universitetinin kitabxanasına rumın dilində dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabları, “Bakı”, “İrs” və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Xocalıya Ədalət” bukletləri təqdim edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər