2020-09-27
Ermənistanın Azərbaycana qarşı 27 sentyabr saat 06:00 radələrində genişmiqyaslı hərbi hücumuna dair Azərbaycan səfirliyinin mətbuat xidmətinin bəyanatı

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atmışdır. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

növbəti xəbər əvvəlki xəbər