Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vəsatətlə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə (Həmin Ərizə-Anketi Forms alt səhifəsində Anket1 (pdf-yüklə) faylından əldə edə bilərsiniz) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
• 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• yaşayış yerindən ailə tərkibi haqqında arayış;
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
• Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə dair vəsatəti rədd edilir.Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatətlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır.