VİZA
- Azərbaycan Respublikası Prezidentinin 2702 saylı, 02.03.2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən, 2017-ci ilin mayın 15-dən iyulun 15-dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir. Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
- Bakı şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart
- Eyni zamanda 2017 formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (yalnız AR Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 81 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır.
- Azərbaycam Respublikası Prezidentinin 2703 saylı, 02.03.2017-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətandaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
- IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətandaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
• işgüzar
• elmi və təhsil
• əmək
• turizm
• mədəniyyət və idman
• humanitar
• şəxsi səfər
• müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!
Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir.
“Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.