2017-03-30
28 mart tarixində Kişeneu şəhərində TÜRKSOY-un xalq alətləri Orkestrinin konserti keçirildi.
28 mart tarixində Kişeneu şəhərində TÜRKSOY-un xalq alətləri Orkestrinin konserti keçirildi. Tədbir Moldovada Türkiyə Respublikasının, Azərbaycan Respublikasının Səfirlikləri və S.Lunkeviç adına Moldova Milli filarmoniyasının dəstəyi ilə təşkil edilmişdir. TÜRKSOY-un xalq alətləri Orkestrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Monqolustan, Moldaviya Respublikasının Qaqauziya Muxtar vilayəti, həmçinin Rusiya Federasiyasının subyektlərindən - Başqırdıstan, Xakasiya və Saxa-Yakutiyadan ümumi 50 nəfərə yaxın mədəniyyət xadimləri iştirak edir. Konsert "Novruz-2017" silsilə tədbirlər çərçivəsində təşkil olunub. Bu tur çərçivəsində orkestr artıq Türkiyənin və Rumıniyanın bir sıra şəhərlərində çıxış edib. Moldovada orkestrin 2 konserti nəzərdə tutulub - paytaxt Kişeneu şəhərində və Moldovanın Qaqauziya muxtar vilayətinin mərkəzi Komrat şəhərində. Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyinin TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı qonaqları salamlayaraq, qeyd etdi ki, konsertin təşkilinin arxasında ayrı-ayrı ölkələrdən çoxlu insanların böyük əməyi var. O, həmçinin Moldovada konsertlərin keçirilməsi üçün yaradılan imkan və şəraitə görə Moldova Respublikasının mədəniyyət nazirliyinə təşəkkür etdi. Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanov Moldovada akkreditə olan bütün türkdilli dövlətlərin səfirləri adından konsert təşkilatçılarına təşəkkür etdi və qeyd etdi ki, türk dünyası öz mədəni və tarixi irsi ilə bütün dünyada tanınır: "Bizim ümumi zəngin mədəniyyətimiz türk dünyasını birləşdirən amillərdən biridir. Ən əsası odur ki, bü gün bizim bu mədəniyyətimizi bütün dünyaya nümayiş etmək üçün imkanlarımız var." Türkiyə Respublikasının Moldovadakı Səfirinin həyat yoldaşı Günay Kılınc orkestrin iştirakçılarının parlaq çıxışlarını vurğuladı, onlara öz təşəkkürünü bildirdi. O ümid etdi ki, konsertlərin coğrafiyası genişlənəcək və çoxsaylı auditoriyaya malik olan ayrı-ayrı meydançalarda türk xalqları folklorunun özünəməxsus musiqi əsərləri səslənəcəkdir. Tədbir türk xalqlarının qədim musiqi mədəniyyətini əks etdirən çıxışlar ilə yadda qaldı və tədbirdə iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılandı.