Mayın 30-u Kişinauda 28 May - Respublika Gününə və Azərbaycan ilə Moldova arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş qəbul keçirilmişdir.
Tədbirdə Moldovanın yüksək rütbəli dövlət rəsmiləri, o cümlədən Moldovanın hakim partiyasının sədri Vlad Plaxotnyuk, Moldovanın iqtisadiyyat, ədliyyə, səhiyyə, mədəniyyət, əmək və sosial müdafiə nazirləri, Moldova parlamentinin birinci vitse-spikeri və deputatları, Moldovada akkreditə olunan səfirliklərin və beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, görkəmli siyasi və ictimai xadimlər, yerli media strukturların rəhbərləri, Moldovada Azərbaycan diasporunun üzvləri, ölkənin aparıcı iş adamları və digər qonaqlar iştirak etmişdirlər.
Tədbirin əvvəlində Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndirilmişdir, sonra qonaqlara Azərbaycanın tarixi-mədəni abidələrini, təbii mənzərələrini, adət-ənənələrini, ölkəmizin müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlərini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanov müasir Azərbaycanın beynəlxalq arenada nailiyyətləri və uğurlarından söz açaraq, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi, ölkədə hərtərəfli inkişafın, stabilliyin bərqərar olmasının Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində əldə olunduğu barədə danışmışdır. Eyni zamanda, Azərbaycan-Moldova əməkdaşlığına toxunan səfir, Moldova ilə Azərbaycan arasında təntənəli dostluq və əməkdaşlıq münasibətlərin olduğunu vurğulamış, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına və prinsiplərə arxalanaraq, Moldova dövlətinin və xalqının Azərbaycanı dəstəklədiyini üçün təşəkkürünü bildirmişdir. Bununla yanaşı, diplomat son üç il ərzində Moldovada bütün sahələrdə aparılan islahatlar nəticəsində əldə olunan nailiyyətləri qeyd edərək, Azərbaycanın dost ölkənin uğurlarına sevindiyini bildirmişdir.
Moldova Xarici işlər və Avropaya İnteqrasiya nazirinin müavini Lilian Dariy Azərbaycan ilə Moldovanı ölkələrin müstəqilliyi yolunda eyni uğurlar və eyni problemlərin birləşdiyini qeyd edərək, hər iki ölkənin yaxın zamanda ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüquq normalarına uyğun mövcud olan münaqişələrin sülh yolu ilə həllinə ümidvar olduğunu bildirmişdir. Həmçinin, o Moldova ilə Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası, GUAM, Qara dəniz İqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını vurğulamışdır.
Sonra bir çox beynəlxalq müsabiqələrin laureatı Vitali Maçunski görkəmli Azərbaycan mədəniyyət xadimi, Azərbaycan musiqi mədəniyyətində silinməz iz buraxmış Muslim Maqomayevin repertuarından mahnılar ifa etmişdir, o cümlədən tədbirdə milli və klassik musiqilərimiz səsləndirilmiş, qonaqlara ziyafət verilmişdir.
Tədbir Moldovanın yerli KİV-də geniş işıqlandırılmışdır.