Moldovanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinə dair məqaləsi yayılıb
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin dəstəyi ilə Moldovanın “Tribuna.md” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi yayılıb.
“20 Yanvar-Azərbaycanın müstəqilliyini bərpa edən yolun başlanğıcı” adlı məqalədə müəllif qeyd edir ki, 20 Yanvar 1990-cı il Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biri kimi yadda qalsa da, bununla bərabər, xalqımızın qəhrəmanlıq səhifəsi kimi qiymətləndirilməlidir.
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Sovet ordusu qocaya, qadına, uşağa, gəncə baxmayaraq hamını qətlə yetirib. Ancaq onlar xalqımızın iradəsini sındıra bilmədilər. Həmin gecə ən qanlı gün kimi tariximizə yazıldı, lakin Azərbaycan xalqı öz müstəqilliyini bərpa etməyə nail oldu”, -deyə müəllif yazır.
Məqalədə qeyd olunur ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gedərək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Yazıda daha sonra vurğulanır ki, Azərbaycanda törədilən qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu faciə keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi.