2018-04-24

Azərbaycan beynəlxalq forum və sərgidə təmsil olunub

Moldovanın paytaxtı Kişineuda bu ölkənin Mədəniyyət Nazirliyi, İon Kryange adına Milli Uşaq Kitabxanası və Moldova Uşaq Kitabı Şurasının təşkilatçılığı ilə XXII Beynəlxalq Uşaq Kitab sərgisi açılıb və beynəlxalq forum keçirilib.

Sərgiyə səkkiz ölkədən – Rusiya, Ukrayna, Belarus, İsveçrə, Qazaxıstan, Azərbaycan, Rumıniya və Moldovanın kitabxana əməkdaşları və uşaq yazarları qatılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və uşaqların sevimli yazarı Sevinc Nuruqızı təmsil ediblər. Onlar 40 adda Azərbaycan uşaq ədəbiyyatı nümunələri ilə sərgiyə qatılıblar.

Sərgini İ.Kryange adına Milli Uşaq Kitabxanasının direktoru Klaudiya Balaban açaraq tədbirin əhəmiyyətindən danışıb və qonaqları təqdim edib.

Səfər çərçivəsində nümayəndə heyətimiz “Orizont” adlanan türk liseyində olub. Uşaqların sevimli yazarı Sevinc Nuruqızı məktəblilərə öz kitabları haqqında ətraflı məlumat verib. Kitabxananın yazıçı haqqında hazırladığı slayd izlənilib.

Sonra kitabxananın direktoru Şəhla Qəmbərova kitabxananın son illərdə Moldova Milli Uşaq kitabxanası ilə olan əlaqələrindən, keçirilən layihələrdən söhbət açıb.

Görüş yazıçının uşaqlara verdiyi imzalı kitabların təqdimatı və xatirə şəkillərinin çəkilişi ilə başa çatıb.

XXII Beynəlxalq Uşaq Kitabı sərgisi çərçivəsində İ.Kryange adına Milli Uşaq Kitabxanasında beynəlxalq forum keçirilib. Forumun mövzusu “Uşaqların mütaliəsində kitabxanaçı və yazıçıların dəstəyi” adlanırdı. Forumda iştirak edən kitabxana mütəxəssislərinin çıxışları dinlənildi.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovanın “Uşaq kitabxanalarının bu günü və gələcəyi necə olmalıdır” mövzusunda məruzəsi dinlənilib.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Arxiv üzrə axtarış