2018-10-02

GUAM konsulluq görüşü

2018-ci ilin 1 oktyabr tarixlərində Moldova Respublikasının Kişinev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın üzv dövlətlərinin Xarici İşlər Nazirliklərinin Konsulluq xidmətlərinin rəhbərlərinin növbəti işçi görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, Səfir Faiq Bağırov, Gürcüstanın nümayəndə heyətinə Gürcüstan XİN-in Konsulluq İdarəsinin rəisi Georgiy Tabatadze, Moldova Respublikasının nümayəndə heyətinə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin konsulluq məsələləri üzrə Baş İdarə rəisi Serjiu Odaynik, Ukraynanın nümayəndə heyətinə isə Ukrayna XİN-in Konsulluq İdarəsinin rəisi Poqoreltsov Sergey Alekseyeviç başçılıq edirdi. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı  Fövqəladə və Səlahiyyətli Səfiri Qudsu Osmanov da iştirak edirdi.

Görüşü açılış nitqi ilə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Daniela Morar açaraq, təşkilatın regiondakı rolunu və GUAM çərçivəsində konsulluq məsələləri üzrə davamlı çoxtərəfli danışıqların aparılmasının vacibliyi vurğuladı.

Məsləhətləşmələri zamanı Tərəflər konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə yeni texnologiyaların tətbiqi mövzularında müzakirələr aparıb, o cümlədən yeni sazişlərin imzalanması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yeni mexanizmlərin yaradılması imkanları nəzərdən keçirilib.

Səfir Faiq Bağırov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə danışıb, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan Hökumətinin razılığı olmadan icazəsiz səfərlərin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün GUAM-ın üzv dövlətlərinin səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb.

Məsləhətləşmələrin sonunda Tərəflər görüşün protokolunu təsdiq etdi.

Arxiv üzrə axtarış