Azərbaycan “EaPEC 2018” konfransında təmsil olunub
Moldovanın paytaxtı Kişinyovda üçüncü Şərq Tərəfdaşlığı e-infrastrukturu konfransı (EaPEC 2018) keçirilib.
Konfrans “EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əməkdaşlığın təşkili məqsədi daşıyıb.
Avropa İttifaqı və Moldova Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransın sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunub. İclaslarda fizika və seysmologiya, biomedikal elmlər, robot, HPC və data analitikası, iqlim və ekologiya kimi tədqiqat sahələrində fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik, bulud xidmətləri, o cümlədən milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçirilib, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.