Moldovada 20 Yanvar qurbanlarının xatirəsi anılıb
Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində 1990-cı ilin 20 yanvar tarixində baş vermiş qanlı hadisələrin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş məraim keçirilmişdir.
Tədbirdə Moldova Azərbaycan diasporasının nümayəndələri, Moldova ictimai xadimləri, ziyalılar, azərbaycanlı tələblər iştirak etmişlər. İlk öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Molla şəhidlərin ruhuna dualar oxumuşdur.
Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən biri olan 20 yanvar faciəsi barədə qısa məlumat verərək, onu keçmiş Sovet ordusunun Azərbaycan xalqının söz azadlığını məhv etmək üçün əl atdığı amansız üsulun təzahürü kimi qiymətləndirmiş, yüzlərlə insanların haqsız yerə qanının axıdılmasını, lakin bununla xalqın azadlıq istəyinin boğa bilmədiyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti vardır. Eyni zamanda əlavə etmişdir ki, hər bir xalqın gələcəyi olan gənc nəsil maariflənməli, öz xalqının tarixini dərindən bilməli, diplomatlarımız, təhsilli gənclərimiz isə qələmlə xalqın keşiyində durmalıdırlar.
Səfir baş vermiş hadisələrdən artıq 29 il keçməsinə baxmayaraq, bu gün də həmin hadisələrin xalqın yaddaşında yaşadığını, günahsız qurbanların xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini, heç zaman unudulmadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin qeyd etmişdir ki, bu gün ölkə başçısı, cənab Prezident əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş və müdrik xarici siyasət yürüdür, dövlətimiz dünya arenasında öz sözünü deyən digər nüfuzlu dövlətlərlə bir sırada inamla addımlayır. Hazırda Azərbaycan Respublikasının güclü ordusu vardır ki, bu ordu hər zaman xalqın keşiyində böyük sevgi ilə durur.
Daha sonra Moldova azərbaycanlıları Konqresinin rəhbərinin Vüqar Novruzov çıxış etmişdir. Öz çıxışında o, xalqımızın başına gətirilən 20 yanvar faciəsinin acı nəticələrindən, sovet rejiminin xalqımıza qarşı çevrilmiş amansız siyasətinin günahsız qurbanlarından danışmış və tarixin qanlı səhifəsi olan 20 yanvarın bu gün də böyük acı ilə xatırlandığını bildirmişdir.
Tədbirdə Moldovada yaşayan azərbaycanlı Əhmədov Vaqif də çıxış edərək, baş vermiş faciəni pisləmiş, sovet hakimiyyətinin səriştəsizliyinin nəticəsi kimi qiymətləndirmiş və xalqın əzmli olmağını, gələcəyimiz olan gənclərin təhsilə önəm vermələrini bildirmişdir.
Sonda tədbir iştirakçıları Səfirlikdə təşkil edilmiş stendlə tanış olmuş, önünə qərənfillər düzmüşlər.