Bakıda Azərbaycan və Moldova Həmkarlar İttifaqları fəalları üçün beynəlxalq treninq keçirilib
Mayın 8-də Bakıda «Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi”mövzusunda treninq keçirilib.
Tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb ki, bugünkü treninq Azərbaycan və Moldova Həmkarlar İttifaqları fəallarının iştirakı ilə keçirilir. Bu da təsadüfi deyildir. Çünki Moldova və Azərbaycan həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.
Ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir. Dostluğumuzun davamlılığı və yaranmış inam iki ölkə həmkarlar ittifaqının və əməkçilərin xeyrinə olmaqla yanaşı, uzun illərdir ki, sıx əlaqələr qurulmasına xidmət edir. Moldova Milli Həmkarlar İttifaqı Konfederesiyası ilə AHİK arasında yaranmış sağlam iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi yönümündə pozitiv nəticələr əldə etmək üçün geniş imkanlar yaradır.
1 Möhbalıyev bildirib ki, nümayəndələrimizin qarşılıqlı səfərləri, təcrübə mübadilələri aparmaları, təlim kurslarının, görüşlərin və digər birgə tədbirlərin keçirilməsi əməkdaşlığımız üçün yüksək zəmin yaradıb. Keçən ilin oktyabr ayında Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində «Dayanıqlı inkişafın məqsədlərinin həmkarlar ittifaqları üçün əhəmiyyəti nədir?» mövzusunda keçirilən regional konfransda bizim əməkdaşlar da iştirak ediblər. Sevindirici haldır ki, bu treninqdə də Moldovadan çoxsaylı nümayəndələr iştirak edir. Hesab edirəm ki, bugünkü görüş əməkdaşlığımız üçün əlavə təcrübə mübadiləsi nöqteyi nəzərindən yaxşı imkandır.
Sizə məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Moldova Həmkarlar İttifaqının Dayanıqlı İnkişafın Məqsədlərinin həyata keçirilməsi sahəsində apardıqları səmərəli işləri yüksək qiymətləndirmiş və onları prioritet ölkə seçmişlər. Sizə o da məlumdur ki, hər iki respublika “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulmuşlar. Dayanıqlı İnkişaf Məqsədləri adlanan bu razılaşma BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minib.
AHİK sədri deyib ki, ölkəmizdə də dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramları qəbul olunmuş və müvəffəqiyyətlə həyata keçirilməkdədir. Yüksək peşəkarlıqla hazirlanmış bu proqramlar əhalinin iqtisadi fəallığını stimullaşdırır, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.
Azərbaycan həmkarlar ittifaqları da dayanıqlı inkişaf üçün özəl sektorla daha sıx əməkdaşlıq qurulmasına, əmək şəraitinin yaxşılaşdırılmasına, norma yaradıcılığında iştirakını fəallaşdırmağa çalışır.
Biz sosial tərəfdaşlarımızla bərabər bu istiqamətdə konkret addımlar atmışıq. Tərəfimizdən 8 istiqamət üzrə Konsepsiya qəbul edilib, onun icrasına başlanılıb. Bu zaman nəzərə alınıb ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi, cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı, gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyinin bütün formalarına son qoyulmasını, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, əmək hüquqlarının qorunmasını, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet kimi qeyd edir.
- Möhbalıyev vurğulayıb ki, ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi, sosial stabilliyi qorumaq üçün sosial dialoqun inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərin həyata keçirilməsində Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya xüsusi əhəmiyyət kəsb edir.
Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial parnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində səmərəli rol oynayır.
Biz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük veririk.
Yeri gəlmişkən, AHİK BƏT-in təşkilatçılığı ilə son iki ildə 13-dən çox beynəlxalq tədbir keçirib. Tədbirlər təkcə Bakını deyil, həm də respublikamızın 5 regionunu əhatə edib. «BƏT-in 204 saylı Tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti», «Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri», «Dünyamızın transformasiyası» Davamlı İnkişaf məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu», «Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri», «Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri», «Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği» və digər mövzular ətrafında sosial partnyorlarımızın iştirakı ilə müzakirələr aparılıb.
Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan dayanıqlı inkişaf məqsədlərinin 8-ci məqsədində nəzərdə tutulan məsələlərin icrasının fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi ölkələrin rəhbərliyi ilə cəmiyyət arasında inam və etimad mühitini formalaşdıran əsas amillərdən biridir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin dünya reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Bu ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə son 15 ildə maaşların 7, pensiyaların 9 dəfədən çox, o cümlədən minimum əməkhaqqının 14 dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Uzun illər idi ki, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumu səviyyəsinə çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız danışıqlarda, bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in, eləcə də sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının ölkə üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması, həm də Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir. Bu məsələ respublikamızda qəbul edilmiş bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Ölkə prezidentinin minimum əməkhaqqının yaşayış minimumu məbləği ilə bərabərləşdirilməsi barədə imzaladığı sərəncamı bu məsələnin həllinə yeni imkanlar açıb. Sərəncama əsasən martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi 600 min nəfər çalışanın əməkhaqqının artması deməkdir.
AHİK sədri bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olunması sözsüz ki, davamlı iqtisadi artıma, tam və məhsuldar məşğulluğa şərait yaradacaq, layiqli işlə təminata kömək edəcəkdir.
Layiqli Əmək üzrə Ölkə Proqramında layiqli əməyin təmin olunması istiqamətində sosial tərəfdaşlar tərəfindən atılacaq addımlar kifayət qədər geniş formada müəyyən edilib və burada BƏT-in xeyli dəstəyini görmüşük. Davamlı inkişaf sahəsində səkkizinci məqsəd barədə danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi vacib hesab edirik:
Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlətin nailiyyət qazanması əsasən onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.
Hesab edirəm ki, hazırda beynəlxalq təşkilatların və hökümətlərin özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflər ilə çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.
İkinci önəmli istiqamət, yəni qlobal partnyorluğun təmin edilməsi dayanıqlı inkişafa öz müsbət təsirini göstərə bilər.
Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz məqsədlərin həyata keçirilməsində öz izini qoyacaqdır. Məhz BƏT-in dəstəyi ilə müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq da işimizin xeyrinə olardı.
Üçüncü istiqamət isə tərəfdaşlıq və fəaliyyət birliyinin təminatıdır. Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi təkmilləşdirməli və dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına böyük ehtiyac hiss edirik.
Dünyanın, ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi, həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətimizin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.
Tədbirin açılışında daha sonra BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə işçilərin fəaliyyəti Bürosunun rəisi Serqius Qlovaskas, Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza, BƏT-in Azərbaycan üzrə Milli Koordinatoru Yaşar Həmzəyev çıxış ediblər.
Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza tədbirin əhəmiyyəti barədə çıxış edib. O bildirib ki, dünyada ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi, həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.
BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramlarının qəbul olunması və müvəffəqiyyətlə həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat verib. Y.Həmzəyev yüksək peşəkarlıqla hazırlanan bu proqramların əhalinin iqtisadi fəallığını stimullaşdırdığını, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açdığını bildirib.
Sonra AHİK-lə Moldova və Albaniya Həmkarlar İttifaqları Konfederasiyaları arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilələr imzalanıb.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.