Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi tərəfindən Səfirlikdə "Qara yanvar faciəsi"nin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdə Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin sədr və üzvləri, Moldovada yaşayan Azərbaycanlılar və eləcə də təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər.
21.01.2020-ci il tarixində Səfirlik və MAK tərəfindən Moldova Millətlərarası Agentliyinin dəyirmi masa zalında Qara yanvar faciəsinin 30 illiyinə həsr olunmuş növbəti tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin sədr və üzvləri ilə yanaşı, Moldova Millətlərarası Agentliyinin Baş direktoru, Kişineu şəhər meriyasının nümayəndəsi, İtaliya ticarət palatasının rəhbəri, rus icmasının nümayəndəsi, Moldovada yaşayan Azərbaycanlılar və təhsil alan Azərbaycanlı tələbələr, həmçinin Moldovalı tələbələr, eləcə də xarici dövlətlərin Moldovada akkreditə olunan səfirlik və baş konsulluq nümayəndələri ilə yanaşı, yerli KİV nümayəndələri (Moldova 1, jurnal tv, realitatea, prime.tv, moldpres.md, ruskoe televidenie-RTM.md və.s) və.s iştirak etmişlər.
Muzeyin foyesində 20 yanvar faciəsinə dair fotosərgi və kitab sərgisi nümayiş olunmuş və tədbirə gəlmiş qonaqlara 20 yanvar faciəsinin 30 illiyi ilə əlaqədar loqo (nişan) taxılmışdır. Həmçinin Agentliyinin foyesində 20 yanvar faciəsi ilə əlaqədar banner yerləşdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Səfir Qüdsi Osmanovun xahişi ilə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxışında diplomat qanlı yanvar faciəsinin dağılmaqda olan SSRİ rejiminin rəhbərliyi tərəfindən Azərbaycan xalqının milli azadlıq arzusunu məhv etmək məqsədi ilə törədildiyini, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan rəhbər şəxslərin səriştəsizliyindən belə bir hadisənin baş verildiyini, günahsız insanların öldürüldüyünü, o zaman Moskvada olan Ümumilli Lider Heydər Əliyevin heç nədən çəkinmədən Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək, faciə ilə bağlı öz haqq səsini dünyaya çatdırdığını, hadisənin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu qəti şəkildə bildirdiyini və hadisəyə siyasi qiymət verən ilk şəxs olduğunu qeyd etmişdir. Səfir eyni zamanda, bu gün Azərbaycan xalqının öz müqəddaratını təyin etdyini, Respublikasının güclü dövlətə çevrildiyini, Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik və uzaqgörən siyasətin cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, Azərbaycanın dünya arenasında öz sözünü dediyini diqqətə çatdırmışdır.
Daha sonra Millətlərarası Agentliyinin Baş direktoru çıxışında Azərbaycanın tarixində faciəvi səhifələrdən biri olduğunu, Azərbaycan xalqının ağrı-acısına şərik olduğunu, baş vermiş hadisənin SSR rejiminin mənfur siyasətinin acınacaqlı nəticəsinin təzahürü kimi meydana çıxdığını qeyd etmişdir.
Daha sonra Molodva Azərbaycanlıları Konqresinin sədri Heybət Məcidov çıxış edərək, qanlı faciəni pisləmiş, xalqımızın tarixində ağrılı günlərdən biri kimi olduğunu bildirmiş və dövlətimziin daim haqsızlıqlara uğradığını, lakin hazırda güclü bir dövlət olduğunu, yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində yaşayan Aəzrbaycanlıların vətəni olan Azərbaycanın daim çiçəklənəcəyinə və gözəl gələcəyi olacağına əminliyini qeyd etmişdir.
Tədbirdə həmçinin Bakı Multikultiralizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureli Qriqori çıxış edərək, bu faciənin Azərbaycan Respublikasının XX əsr tarixində ən dəhşətli səhifələrdən biri olduğunu, Azərbaycan xalqının qan yaddaşında daim yaşayacağını qeyd etmiş və bu gün xalqın öz müqəddəratını həll etdiyini, onu qoruyan güclü Azərbaycan dövlətinin olduğunu bildirmişdir. Eyni zamanda, bu məsələyə hüquqi qiymətin verilməsini və SSRİ ordusunun Azərbaycana yeridilməsi göstərişini vermiş Qorbaçovun sülh üzrə Nobel mükafatını almasının tam qanunsuz olduğunu və beynəlxalq hüquq normalarına ziddliyini qeyd etmiş və bu barədə Azərbaycan tərəfindən beynəlxalq aləmin məlumatlandırılmasını, verilmiş mükafatın geri alınması istiqamətində lazımi işlərin görülməsinin vacibliyini vurğulamışdır.
Daha sonra Kişineu meriyasının nümayəndəsi İraida Konakoru çıxış edərək, 20 yanvar faciəsi ilə əlaqədar öz fikirlərini bildirmiş, faciənin xalqın qan yaddaşında dərin izlər buraxdığını, baş verənləri pisləmişdir.
Bundan əlavə, tədbirdə həmçinin Vüqar Novruzov və konqresin digər üzvləri, eləcə də Azərbaycanlılar çıxış etmişlər.
Daha sonra molla şəhidlərin ruhuna dualar oxumuşdur.
Sonda 20 Yanvar hadisələri ilə əlaqədar çəkilmiş sənədli film nümayiş olunmuş və Səfirlik tərəfindən ehsan verilmişdir.
Qeyd edək ki, tədbir yerli KİV tərəfindən geniş işıqlandırılmışdır.