2020-07-22

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin mətbuata açıqlaması

İyulun 22-də Moldova Azərbaycanlıları Konqresi (MAK) 12-14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan sərhəddində Tovuz rayonu istiqamətində törədilmiş silahlı təxribata etiraz olaraq, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək məqsədilə Kişinyov meriyası ilə razılaşdırılmış və tətbiq olunan qaydalara uyğunlaşdırılmış dinc yürüş təşkil edib. Tədbir barədə Moldova Respublikasının Daxili İşlər Nazirliyinə də rəsmi məlumat verilib. 

Aksiya Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində başlayıb və tədbir iştirakçıları Azərbaycan hökumətinə dəstəklərini ifadə etmək üçün səfir Qüdsi Osmanovla görüşüb. Səfir aksiya iştirakçılarını dinc etiraz aksiyasına çağırıb və mümkün təxribatlara qarşı hər hansı bir reaksiya verilməməsi barədə xəbərdarlıq edib, qanuna riayət edilməsinin və dinc aksiyaların keçirilməsinin qanunvericiliyinə uyğun hərəkət etməyin vacibliyini bildirib. 

Daha sonra əlliyə yaxın azərbaycanlı icmasının nümayəndəsi Ermənistan səfirliyinə gedərək orada dinc aksiya keçirməyi planlaşdırıb və MAK-ın beynəlxalq təşkilatlara ünvanlanan Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsini tələb edən bəyanatını oxuyub və son günlərdə Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktlarını pisləyib. 

Moldovadakı erməni icmasının nümayəndələrinin Ermənistan səfirliyində gözləməsi özlüyündə aksiya iştirakçılarının dinc etiraz hüququnu pozmaq deməkdir. Belə ki, sözügedən vəziyyət erməni icması tərəfindən əvvəlcədən planlaşdırılan təxribatın bir hissəsi idi və bu, qarşıdurmalara və gözlənilməz nəticələrə səbəb ola bilərdi.  

Bundan başqa, erməni icmasının nümayəndələri arasında Moldova Respublikası Parlamentinin deputatı Qayk Vartanyan və Moldova Respublikası Prezidentinin müşaviri Ernest Vardanyan da olub. 

Qeyd edək ki, məmurlar etnik mənsubiyyətinə baxmayaraq dövlətin və təmsil etdikləri seçicilərin maraqlarını qorumağa borcludurlar və iki dövlət - Azərbaycan və Moldova arasındakı ikitərəfli münasibətlərə xələl gətirməməyə çalışmalıdırlar. Moldova Respublikasının dövlət qurumlarında etnik azərbaycanlıların da olmasına baxmayaraq, onlar rəsmi vəzifələrinə görə Moldova Respublikası dövlətinin maraqlarına uyğun hərəkət edirlər. Bundan öncə, MAK tərəfindən 31 yanvar 2020-ci ildə Moldova Respublikası Parlamentinə və Prezident Administrasiyasına AŞPA-nın bəyannaməsini imzalayan deputat Qayk Vartanyanın əməllərini pisləyən müraciət göndərilib. Bəyannamədə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tarixi həqiqətlər təhrif edilib. Otuz ilə yaxındır ki, Azərbaycan Respublikası ərazilərinin iyirmi faizi erməni işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın və ona bitişik yeddi rayonun işğaldan azad edilməsi ilə bağlı dörd qətnaməsi hələ də icra olunmayıb. 

Dinc aksiya iştirakçılarını Ermənistan səfirliyində gözləyən erməni icmasının nümayəndələri sonra daha böyük ərazilərin, o cümlədən Azərbaycanın paytaxtı Bakı şəhərinin işğalının zəruriliyi barədə ifadələr işlədərək, erməni dilində təhqir və ədəbsiz sözlər səsləndirməyə başlayıb. Erməni icmasının nümayəndələri öz hərəkətləri ilə dinc etiraz edən azərbaycanlıları davaya təhrik edib. Faktiki olaraq, aksiya iştirakçıları arasında müasir Ermənistanın ərazisindən qovulan 360 min azərbaycanlıdan erməni dilini başa düşən azərbaycanlılar da olub. Eyni zamanda, Azərbaycan təmsilçisinin əlindən Azərbaycan bayrağı alınıb. Bütün bunlar sosial şəbəkədə yerləşdirilən videogörüntülərdə aydın görünür. Nəticədə, dinc yürüş iki icmanın nümayəndələri arasında toqquşma halına gəlib. 

Bundan əlavə, peşəkarlığı və operativliyi sayəsində münaqişəni aradan qaldıran Moldova Respublikasının hüquq mühafizə orqanlarına təşəkkür etmək istərdik. 

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi Azərbaycan icmasının nümayəndələrinin təşkil etdiyi dinc nümayişlərdə ermənilərin təxribatçı hərəkətlərini pisləyir. Bundan əlavə, Moldova Respublikasında dövlət vəzifələrini tutan, həm beynəlxalq, həm də milli səviyyədə dəfələrlə etnik maraqlarına uyğun hərəkət edən, Azərbaycan-Moldova münasibətlərini korlamağa çalışan etnik ermənilər Q.Vartanyan və E.Vardananın hərəkətlərini pisləyirik.   

Eyni zamanda, Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi hər iki icmanı gələcəkdə oxşar hadisələrdən çəkinməyə və Moldovada sülh şəraitində yaşamağa çağırır.

 

Arxiv üzrə axtarış