2021-11-08

Noyabrın 8-də Azərbaycanın Moldovadakı səfirliyi Zəfər Gününə həsr olunmuş tədbir təşkil edib

 Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov açılış nitqi ilə çıxış edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

Səfir bildirib ki, Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər Gününün qeyd olunması Azərbaycan xalqı üçün rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın incisi və Qarabağın ürəyidir.

Diplomat, həmçinin tədbir iştirakçılarına Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanması, qoşunların təmas xəttində mütəmadi olaraq törədilmiş təxribatlar, nəticədə Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həlak olması barədə məlumat verib. Eləcə də 2020-ci ilin iyulunda erməni silahlı birləşmələri tərəfindən cəbhə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribata toxunub. Qeyd edib ki, adekvat cavab alan erməni qoşunları geri çəkilib.

Səfir, eyni zamanda, bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Q.Osmanov Azərbaycanın Zəfərinin bu torpaqlara sülh gətirdiyini, Azərbaycan rəhbərliyinin siyasətinin regionda bütün xalqların sülh, sabitlik və firavanlıq şəraitində yaşamasına yönəldiyini də vurğulayıb.

Tədbirdə “Hərəkət və Həmrəylik” hökumət partiyasından Moldova parlamentinin deputatı Vitali Jakot çıxış edərək müharibədə həlak olanların ailələrinə başsağlığı verib və bu ərazilərdə tezliklə normal həyatın bərpa olunacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Moldova Respublikası öz tarixində də əks-sədası bu günə qədər eşidilən münaqişə ilə üzləşib. Deputat bildirib ki, Moldova ardıcıl olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir. O, Moldova-Azərbaycan münasibətlərinə toxunaraq, birgə səylərlə iki ölkə arasında dialoqun bütün səviyyələrdə inkişaf edəcəyini vurğulayıb.

Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer Azərbaycan xalqını Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə təbrik edərək, bu Zəfərin bir milyon köçkünün öz evlərinə qayıtmasına yol açdığını qeyd edib. O vurğulayıb ki, Türkiyə “Bir millət, iki dövlət” tezisinə sadiq qalaraq hər zaman qardaş Azərbaycan xalqının yanındadır.

Moldovanın Xalq artisti Konstantin Moskoviç çıxışında qeyd edib ki, o, 30 ildən sonra doğma torpaqlarına qayıtmaq imkanı qazanan insanların hisslərini bölüşür. Xatırladıb ki, “Azərbaycan musiqisinin antologiyası” toplusunu hazırlayıb və onun tərkibinə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı bəstələr, xüsusən də bu regionun mərkəzi şəhərlərindən birinə həsr olunmuş “Laçın” kompozisiyası da daxildir.

Tanınmış moldovalı yazıçı və publisist İqor Volnitski çıxışında Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə bütün azərbaycanlıları, eləcə də Azərbaycan xalqının dostlarını təbrik edib. O, işğaldan azad edilmiş ərazilərə səfər təəssüratlarını bölüşüb, Zəngilan, Füzuli, Ağdam və Şuşada olduğunu, işğal dövründə bu torpaqların viran qoyulmasından, oradakı dağıntıların miqyasından təsirləndiyini bildirib. O, eyni zamanda, Azərbaycanın hazırda bu torpaqların dirçəldilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün apardığı genişmiqyaslı tikinti-bərpa işlərinin onu xoş təəccübləndirdiyini vurğulayıb. O, tezliklə Azərbaycanın dirçələn Qarabağ bölgəsinə səfər edəcəyinə ümidvar olduğunu deyib.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin yaxınlığındakı parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş barelyefin təntənəli açılışı olub. Barelyef səfirliyin yaxınlığındakı parkda qoyulub.

Səfir Qüdsi Osmanov qonaqlara barelyef üzərində həkk olunmuş rəmzlər və yazılar haqqında məlumat verib.

Qeyd edək ki, burada Zəfər simvolu olan “Dəmir yumruq” və sülh rəmzi olan Xarıbülbül çiçəyi təsvir olunub. Həmçinin barelyefdə üç dildə - Azərbaycan, rumın və ingilis dillərində Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır! Bundan sonra biz qalib ölkə, qalib xalq kimi yaşayacağıq” sözləri həkk olunub. Bundan əlavə, “Dəmir yumruq” altında üç dildə “Birliyimiz gücümüzdür” şüarı da təsvir edilib.

Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko Qələbə və ölkənin ərazi bütövlüyünün bərpası ilə əlaqədar Azərbaycan xalqının sevincinə şərik olduğunu qeyd edib.

Moldova Yazıçılar Şurasının sədri Teo Kiriak çıxışında Azərbaycanın Zəfərini böyük hadisə adlandırıb və bu Qələbə nəticəsində ədalətin bərqərar olduğunu vurğulayıb.

Sonda qonaqlar barelyef önünə gül dəstələri düzdülər.

Qonaqlar səfirliyin binasının həyətində Zəfər Gününə həsr olunmuş fotosərgi ilə də tanış olublar.

 

Arxiv üzrə axtarış