Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb
Görüşdə Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Milli Məclisin sədri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.
Görüşdə S.Qafarova Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açıb. Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, bir il əvvəl öz gücü hesabına Ermənistanın 30 illik işğalına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını da təmin edib.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib. Qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Ermənistan isə hələ də təxribatçı əməllərini davam etdirir, minalanmış ərazilərin xəritələrini vermir, təqdim etməkdən imtina edir.
Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.