Nazir Viorel Qerçu: Azərbaycan və Moldova böhrandan çıxmaqda biznes mühitinə dəstək üçün idxal-ixrac bazarlarını intensivləşdirməlidir
Regiondakı mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan və Moldova böhrandan çıxmaqda biznes mühitinə dəstək olmaq üçün idxal və ixrac bazarlarının intensiv şaxələndirilməsini həyata keçirməlidir.
Bu fikri Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Qerçu Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşündə söyləyib.
Görüşdə tərəflər dialoqun intensivləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, qarşılıqlı ticarət axınının gücləndirilməsi, yeni resurs təminatçılarının müəyyənləşdirilməsi və bütün seqmentlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədilə təşkil edilməli olan hökumətlərarası forumlar barədə fikir mübadiləsi aparılıb.
Nazir Viorel Qerçu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və Moldovanın iqtisadiyyatına Azərbaycan sərmayələrinin cəlb edilməsi üçün səfirin fəaliyyətini yüksək qiymətləndirib.
“Regiondakı mövcud vəziyyət, o cümlədən enerji və xammalın qiymətlərinin əhəmiyyətli dərəcədə artması şəraitində kənd təsərrüfatı məhsulları istehsalçıları regional və dünya bazarlarının tələbatını ödəyə bilmirlər. Bu mənada biz böhrandan çıxmaqda biznes mühitinə dəstək olmaq üçün idxal və ixrac bazarlarının intensiv şaxələndirilməsini dəstəkləməliyik”, - deyə nazir vurğulayıb.
Öz növbəsində Qüdsi Osmanov qeyd edib ki, birgə tədbirlərin və layihələrin başlanması həm Moldova, həm də Azərbaycan şirkətləri üçün inkişaf və islahatlar imkanlarını artıracaq.