2022-09-21

Azərbaycan Moldovada keçirilən XXI Etnik Festivalda təmsil olunub

 

2022-ci ilin 18 sentyabr tarixində Moldovada Kişineu meriyası və Millətlərarası Əlaqələr Agentliyinin təşkilatçılığı ilə keçirilən XXI Etnik Festivalda ölkəmiz təmsil olunub.

Festival çərçivəsində Moldovadakı səfirliyimiz və diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresinin dəstəyi ilə Azərbaycan guşəsi yaradılıb, habelə Şuşaya həsr edilmiş fotosərgi təşkil edilib.

Qeyd edək ki, Moldovada hər il təşkil edilən etnik festivalda ölkə üzrə müxtəlif xalqları təmsil edən guşələr yaradılır, onların milli-mədəni dəyərləri, adət-ənənələri, eləcə də milli mətbəxi nümayiş olunur. Builki festivalda Moldovada yaşayan 35 etnik qrupu və 16 yaradıcı kollektivi təmsil edən 40-a yaxın etnomədəni təşkilat iştirak edib. Festivala paytaxt meri İon Çeban, Qaqauziyanın rəhbəri İrina Vlax, müxtəlif dövlət rəsmiləri, diplomatik korpusun üzvləri və çoxsaylı icma nümayəndələri baş çəkib.

Ölkəmizin mədəniyyəti, milli-mənəvi dəyərlərinin Moldovada təbliğ edilməsi məqsədilə yaradılmış Azərbaycan pavilyonu festivaldakı ən böyük və ən çox ziyarət edilən guşə olub.

Azərbaycan guşəsində milli musiqi və rəqslər, uşaqların ifasında ana dilimizdə müxtəlif şeirlər səsləndirilib. Guşəni böyük maraqla izləyən qonaqlara milli mətbəxin müxtəlif təamları təqdim edilib.

Bundan əlavə, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi münasibətilə festival çərçivəsində Şuşaya həsr edilmiş fotoşəkillərdən ibarət sərgi təşkil edilib, sərgidə Şuşa ilə bağlı 40-dan çox foto şəkil və stend nümayiş edilərək, Azərbaycanın mədəniyyət paytaxtı haqqında izahlı məlumatlar verilib. Eyni zamanda, Azərbaycan guşəsinin yüzlərlə ziyarətçisinə Şuşaya dair rumın və rus dillərində hazırlanmış broşürlər paylanıb.

Sərgidə sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın müəllifi, Üzeyir Hacıbəyovun doğum günü olduğu vurğulanıb, musiqişünas alimə dair foto-şəkillər qarşısında geniş məlumat verilib, habelə bəstəkara məxsus musiqi əsərləri səsləndirilib.

Azərbaycanın festivalda təmsil olunması ilə bağlı Moldova KİV-də rumın və rus dillərində məlumat dərc edilib.

Arxiv üzrə axtarış