Moldovada yaşayan həmvətənlərimiz Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycan dövlətinə dəstək nümayiş etdirib
2022-ci ilin 15 sentyabr tarixində Moldovada yaşayan həmvətənlərimiz Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycan dövlətinə dəstək nümayiş etdirmək və şəhidlərimizin xatirəsini yad etmək məqsədilə ölkəmizin Moldovadakı Səfirliyinə toplaşıb.
Görüşdə Moldova parlamentində hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icma nümayəndələri, gənclər iştirak edib.
İlk öncə, görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Səfirliyin önündə şəhidlərimizin xatirəsinə həsr edilmiş guşə önünə gül dəstələri düzülüb.
Deputat V.Jakot çıxış edərək şəhidlərin ailələrinə bağsağlığı ifadə edib, guşədə foto-şəkilləri əks olunmuş gənclərin itkisinə görə dərin təəssüf hissi keçirdiyini, habelə Moldova xalqının bu kədəri xalqımızla bölüşdüyünü bildirib. Deputat bu cür insan tələfatına səbəb olan təxribatların bir daha təkrarlanmayacağına ümidvar olduğunu dilə gətirib.
Görüş zamanı səfir Qüdsi Osmanov çıxışında əvvəlcə Ermənistanın növbəti hərbi təxribatında canından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib. Səfir bildirib ki, Azərbaycan hər zaman regionda sülhə dəstək verən ölkə olaraq qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətlərin normalaşması təşəbbüsü ilə çıxış edib. O, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda bölgədə sabitlik və inkişafa yönəlmiş genişmiqyaslı yenidənqurma layihələrinin həyata keçirildiyini, bu xüsusda ərazilərimizdə hər hansı insidentin baş verməsinin ölkəmizin marağında olmadığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Ermənistanın davamlı hərbi təxribatlara əl ataraq sülh danışıqlarını pozmağa və gərginlik coğrafiyasını genişləndirməyə çalışdığını qeyd edən səfir dəmir yumruğu xatırladaraq soydaşlarımızın Prezidentimiz və xalqımız ətrafında sıx birləşməsini alqışlayıb.
Daha sonra görüşdə çıxış edən Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov qeyd edib ki, hər zaman olduğu kimi bu günlərdə də Moldovadakı soydaşlarımız Vətənin, Azərbaycanın, düşmənə layiqincə cavab verən hərbçilərimizin yanındadır və Prezident İlham Əliyevin sülhə hədəflənən uzaqgörən siyasətini birmənalı dəstəkləyir. Sədr sözügedən hərbi təxribatla bağlı ötən gün MAK-ın müraciətinin hazırlanaraq paytaxt Kişineuda yerləşən beynəlxalq və regional təşkilatların ofislərinə təqdim edildiyini vurğulayıb.
Bundan əlavə, görüşdə Moldovada yaşayan azərbaycanlı fəallar Maarif Rəhimov, Yasin Seyidov və digərləri vətənpərvər çıxışlar edərək görüşdə iştirak edən gəncləri ölkəmizin haqlı mövqeyi ilə bağlı məlumatlandırıblar.
Görüş Moldova KİV-də rumın və rus dillərində işıqlandırılıb.