2022-02-09

Niku Popesku: Moldova ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir

Fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə görüşüb.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan Moldova ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib və bir çox sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Ceyhun Bayramov moldovalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib.

Niku Popesku ikitərəfli münasibətlərin inkişafından məmnunluqla danışıb. O, iki ölkə arasında siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və Moldovanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Hazırkı səfərin mövcud əlaqələrin inkişafına və dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun yenidən qurulması layihələri, bu xüsusda, ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin əhəmiyyəti və bu prosesə Moldova ekspertlərinin cəlb edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə iqtisadi münasibətlərə xüsusi diqqətin ayrılmasının önəmli olduğu qeyd edilib və bu xüsusda, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə iki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və “Şərq Tərəfdaşlığı” təşəbbüsü) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

 

  

Arxiv üzrə axtarış