2022-09-13
2022-ci ilin 10 sentyabr tarixində Kişineu şəhərində 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi münasibətilə Moldovada yaşayan azərbaycanlı və yerli gənclər arasında Şuşaya həsr edilmiş “Şuşa – qəlbimizdədir” adlı futbol turniri keçirilib
2022-ci ilin 10 sentyabr tarixində Kişineu şəhərində 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi münasibətilə Moldovada yaşayan azərbaycanlı və yerli gənclər arasında Şuşaya həsr edilmiş “Şuşa – qəlbimizdədir” adlı futbol turniri keçirilib.
Turnir Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Eyni zamanda, turnir çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya dair foto-şəkillərdən ibarət sərgi təşkil edilib.
Sərgini maraqla izləyən turnir iştirakçıları və azarkeşlərə azərbaycanlı tələbələr bu qədim şəhər barədə ətraflı məlumat verib. Belə ki, Şuşanın bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynaması, ədəbi, mədəni, elmi və ictimai sahədə bir sıra görkəmli şəxsiyyətlərin vətəni olması, Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalması, işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin vandalizm aktları nəticəsində dağıdılması, habelə 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi qeyd olunub.
Sərgidə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb və hazırda işlər çevik və səmərəli şəkildə davam etdirilir.
Tədbir Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılmışdır.