2022-11-14

Azərbaycan xalq yazıçısı Kamal Abdullayevin rumın dilində kitablarının təqdimatı keçirilib

Moldovanın paytaxtı Kişineuda İyon Kryange adına Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin prorektoru Olga Gerlovan iştirak ediblər.

Sonra Azərbaycan Xalq yazıçısı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın rumın dilində “Sehrbazlar dərəsi” (“Cămpia Vrăjitorilor”) romanının təqdimatı keçirilib.

Təqdimatdan əvvəl qonaqlar İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən, Moldova Azərbaycanlıları Konqresi tərəfindən yaradılan həftəsonu Azərbaycan məktəbi ilə tanış olublar. Konqresin sədri Elçin Bayramov həftəsonu Azərbaycan məktəbi haqqında məlumat verib, sonra burada təhsil alan şagirdlər Zəfər Gününün tarixi haqqında qonaqları məlumatlandırıblar.

Daha sonra geniş auditoriyada Kamal Abdullanın rumın dilində kitablarının təqdimatı keçirilib. Təqdimatda çıxış edən səfir Qüdsi Osmanov, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputat Vitaliy Jakot, rumın dilinə kitabın tərcüməçisi, filologiya elmləri doktoru, publisist Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığı barədə geniş danışıblar. Qeyd ediblər ki, bu kitablar Azərbaycan və Moldova arasında ədəbiyyat sahəsində inkişafa böyük töhfə verəcək.

Tədbirin sonunda təqdimatın keçirilməsində xidməti olanlara təşəkkürünü bildirən müəllif Kamal Abdulla “Sehrbazlar dərəsi” (“Cămpia Vrăjitorilor”) romanının yaranma tarixi haqqında danışıb. Müəllif qeyd edib ki, 2006-cı ildə nəşr olunan mistik roman bu günə kimi müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap olunub.

Kitabın təqdimatı müəllif, tərcüməçi və auditoriya arasında maraqlı diskussiya ilə davam edib. Sonra Kamal Abdulla qonaqlar üçün kitablarını imzalayıb.

Arxiv üzrə axtarış