2023-02-23

Viza almaq üçün “ərizə-anket” portalı barədə

Cari ilin 25 yanvar tarixində Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.

Yeni elektron informasiya sisteminin tətbiqində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma endirilib. Belə ki, portal viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron qaydada doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətinin göstərilməsində səmərililiyin artırılması imkanını yaradıb.

Eyni zamanda, sözügedən elektron informasiya resursu əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli  87 nömrəli Qərarı ilə təsdiq edilmiş viza almaq üçün ərizə-anketi internet üzərindən elektron qaydada doldurmaq, eləcə də, müraciət edən şəxsin 3x4 ölçüdə fotoşəklinin və pasportunun əsas səhifəsinin surətini sistemə öncədən daxil etmək imkanını da yaradıb. Daha sonra, həmin şəxslər viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri qanunvericiliklə nəzərdə tutulmuş hallara uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına təqdim etməlidirlər.

“Viza almaq üçün ərizə-anket portalı” barədə ətraflı məlumat www.visaapplication.mfa.gov.az  internet səhifəsindən əldə oluna bilər.

Arxiv üzrə axtarış