2023-05-26

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Müstəqillik Günü Moldovada qeyd edilib

2023-cü ilin 25 may tarixində ölkəmizin Moldovadakı Səfirliyinin təşəbbüsü ilə paytaxt Kişineuda yerləşən Respublika Sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, eləcə də 28 may - Müstəqillik Gününə həsr olunmuş 500 nəfərlik təntənəli tədbir keçirilib.

Tədbirdə Moldova Respublikası Prezidenti May a Sandu, Parlamentin sədri İqor Qrosu, nazirlər, deputatlar, ictimai-siyasi xadimləri, Moldovada akkreditə olunmuş ABŞ, Böyük Britaniya, Avstriya, Hollandiya, Çin, Yaponiya, İsveç, Türkiyə, Gürcüstan, Qazaxıstan, Litva, Latviya, Polşa, Rusiya, Slovakiya, Rumıniya, Belarusiya, Estonyanın səfirləri, BMT, NATO, UNICEF, ATƏT və Aİ-nin Moldovadakı missiyasının rəhbərləri və əməkdaşları, diplomatik korpusun digər üzvləri, elm və mədəniyyət nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, eləcə də həmvətənlərimiz iştirak edib.

İlk növbədə, ziyafətdə Azərbaycan Respublikasının və Moldova Respublikasının Dövlət himnləri səsləndirilib. 

Daha sonra, səfir Qüdsi Osmanov giriş nitqi ilə çıxış edərək 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik respublika olduğunu, 23 ay ərzində böyük işlər görülərək dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edildiyini, milli ordu yaradıldığını və qısa müddətdə digər nailiyyətlər əldə edildiyini qeyd edib. Səfir bildirib ki, xalqımız 70 ildən sonra müstəqilliyinə qovuşsa da, müstəqilliyin ilk dövründə bir çox ağır sınaqlardan keçib. Q.Osmanov məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olduğunu, dövlətimizin sabit və firavan gələcəyinin təmin edildiyini diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafını dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlayan səfir ölkəmizdə hərtərəfli tərəqqinin, ictimai-siyasi sabitliyin qorunması və iqtisadi inkişafın təməlində Heydər Əliyevin böyük əməyi, müstəsna xidmətləri və uzaqgörən strategiyasının dayandığını dilə gətirib. Bununla yanaşı, səfir vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətidir, Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaşlardan biridir. O, qüdrətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Daha sonra, səfir Q.Osmanov Azərbaycanın sülh gündəliyinə dəstək göstərən ölkələr sırasında dost Moldovanın da olduğunu, Azərbaycan ilə Moldova arasında əməkdaşlıq və tərəfdaşlıq  münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyədə uğurla inkişaf etdiyini, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsinin bunun bariz göstəricisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Öz növbəsində, Moldova Respublikasının Prezidenti Maya Sandu çıxış edərək ilk öncə bütün azərbaycanlıları əlamətdar Müstəqillik Günü və Ulu öndərin 100 illik yubileyi münasibətilə təbrik edib. O, Azərbaycanın zəngin tarixi, çoxşaxəli və füsunkar mədəni irsini vurğulayaraq YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının hər il Moldovada Azərbaycan icması tərəfindən qeyd olunduğunu, həmçinin xalqlarımız üçün mühüm dəyərlər olan sülh və həmrəyliyin nümayiş edildiyini nəzərə çatdırıb.  Prezident M.Sandu bildirib ki, illər ərzində azərbaycanlılar azad, firavan və açıq cəmiyyət quruculuğunda iradə, mətanət və mətinlik nümayiş etdirib. Moldova Respublikası ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcudluğuna toxunan ölkə başçısı bu təmasların ümumi dəyərlərə, sülh və sabitliyə əsaslandığını qeyd edib.

O, nitqinin davamında diqqətə çatdırıb ki, azərbaycanlılar və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə addımlar atılır və iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani sübutudur.

Eyni zamanda, Prezident M.Sandu Azərbaycanla tərəfdaşlığın Moldovanın enerji müstəqilliyinə nail olmaq istəyi kontekstində çox vacib olduğunu bildirib. “Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik” – deyə ölkə başçısı vurğulayıb. Sonda Prezident bütün azərbaycanlıları təbrik edərək sülh, firavanlıq və uğurlar arzulayıb.

Daha sonra, tədbir Moldovanın xalq artisti, nay ifaçısı Konstantin Moskoviçi və milli simfonik orkestrin ifasında azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində, habelə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi, eləcə də ölkəmizin Müstəqillik Gününə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.

Sonda ziyafət zamanı qonaqlara milli mətbəximizə məxsus təamlar və şirniyyatlar təqdim edilib.

Arxiv üzrə axtarış