Kişinyovda Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Dekabrın 6-da Kişinyovda Moldova Respublikasının infrastruktur və regional inkişaf naziri Andrey Spınu və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
İclasda tərəflər iqtisadiyyat, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və turizm kimi sahələrdə ölkələrimiz arasında əməkdaşlığın əsas prioritetlərini müzakirə ediblər.
İclasın əvvəlində çıxış edən nazir Andrey Spınu iki ölkə arasında iqtisadi göstəricilərin artdığını qeyd edib, həmçinin ötən il ölkələrimiz arasında əldə olunan əsas nailiyyətlərdən söz açıb. Moldovalı nazir 2024-cü il üzrə yüklərin daşınması üçün əlavə 300 icazə kvotasının təqdim olunması, həmçinin Bakı-Kişinyov-Bakı hava marşrutunun istifadəyə verilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Moldovanın aqrar sektorunda əldə etdiyi nailiyyətlərə də toxunub və Moldova tərəfinin bu sahədə təcrübə mübadiləsinə hazır olduğunu bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkələrimiz arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq, tərəfdaşlıq münasibətlərini qeyd edib. Məcnun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışıb. O həmçinin Azərbaycanın coğrafi mövqeyinin və ölkənin inkişaf etmiş nəqliyyat infrastrukturunun ticari-iqdisadi əlaqələrin inkişafı üçün açdığı imkanlara nəzər yetirib. Bundan əlavə, nazir Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən və bu regionun Azərbaycanın iqtisadiyyatına və sosial təminat sisteminə reinteqrasiyasına yönəlmiş irimiqyaslı layihələrdən ətraflı danışıb.
Görüşdə həmçinin ötən dövr ərzində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, xüsusilə Moldovada DOST və ASAN sosial modelinin tətbiqi müzakirə olunub. Bundan əlavə, iclasda ikitərəfli əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin məqsədəuyğunluğu qeyd edilib. Azərbaycan tərəfi komissiya iştirakçılarına Ələt azad iqtisadi zonasının imkanları barədə ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla sənaye parklarının tikintisindən danışıb.
Komissiyanın işinin yekununda nazir Andrey Spinu və nazir Məcnun Məmmədov hökumətlərarası komissiyanın beşinci iclasının protokolunu imzalayıblar. Həmçinin, komissiyanın işi çərçivəsində Moldova İnvestisiya Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanıb.