2024-05-29

Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyinin təşkilatçılığı ilə keçirilən təntənəli tədbirdə Moldovanın daxili işlər naziri Adrian Efros, Kişineuda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Moldova Parlamentinin deputatları, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, diaspor fəalları iştirak ediblər.

Qəbul Azərbaycan və Moldova Dövlət himnlərinin ifası ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılmış bir gündür. 1918-ci il mayın 28-i Şərqdə və bütün müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Amma çox təəssüf ki, qurulandan iyirmi üç ay sonra respublika süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılan bayraq 1920-ci ildə endirilib. Bundan sonra Ulu Öndər Heydər Əliyev bu bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi olaraq qaldırıb və təsis edib. Praktiki olaraq müstəqilliyə gedən yol bu tarixi andan başlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə böyük çətinliklərlə, daha doğrusu, ərazilərinin müəyyən hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə üzləşdi. Bununla belə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizin əksəriyyətini işğaldan azad edə bildi. Həmçinin, ötən ilin sentyabrında biz öz ərazilərimizi tam bərpa etdik. yerli antiterror əməliyyatları vasitəsilə ərazi bütövlüyü və suverenliyi, beləliklə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etdik. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi əməl olunması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması kursunu müəyyən edib.

Səfir qeyd edib ki, ölkəmizin beynəlxalq aləmdə rolu artmaqdadır. Azərbaycan qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün ciddi platformaya çevrilir. Beləliklə, Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti Konfransına ev sahibliyi edən ölkə seçilib.

Moldovanın daxili işlər naziri Adrian Efros çıxışında bildirib ki, Azərbaycan qarşısında duran çağırışların öhdəsindən gəlmək və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib. İqtisadi və sosial tərəqqi, infrastrukturun inkişafı, təhsil və texnologiyaya investisiyalar Azərbaycan xalqının firavan və sabit gələcək yaratmaq əzminin əyani sübutudur. Bu nailiyyətlər Moldova Respublikasında da bizim üçün ruhlandırıcıdır.

“Bu münasibətlə biz Azərbaycanla əməkdaşlığımızı davam etdirmək və intensivləşdirmək üçün güclü öhdəliyimizi bir daha təsdiqləmək istərdik. Biz yeni tərəfdaşlıq imkanlarını araşdırmağa və regionumuzda sülh, sabitlik və rifahı təşviq etmək üçün birgə işləməyə açığıq”,- deyə moldovalı nazir əlavə edib.

Daha sonra təbriklərini çatdıran Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın müstəqillik tarixi, əhəmiyyəti və əldə edilən nailiyyətlərini vurğulayıb. O, çıxışında Moldovanı Azərbaycan üçün dost ölkə kimi xarakterizə edərək, beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini qeyd edib. F.Muradov ölkə başçılarının səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin, dostluq əlaqələrinin daha da yüksəldiyini bildirib.

Dövlət Komitəsinin sədri Moldovada yaşayan soydaşlarımızın diaspor fəaliyyətində aktivliyini qeyd edərək, onların dost ölkədə çox rahat şəkildə yaşayıb, ölkənin ictimai həyatında yaxından iştirak etdiyini vurğulayıb.

Arxiv üzrə axtarış