2025-09-28

İkinci Qarabağ müharibəsi qurbanlarının xatirəsi Kişineuda anılıb

Kişineu şəhərində Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qaya Məmmədov, Türkiyənin Moldovadakı səfiri Uyqar Mustafa Sertel, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş barelyef önünə əklil qoyulub və Ümummilli Lider Heydər Əliyevin büstünə gül dəstələri düzülüb. 

Çıxış edən Azərbaycan Moldovadakı səfiri Ülvi Baxşəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətdən, torpaqlarımızın işğaldan azad olunmasından və regionda yaranan yeni reallıqlardan danışıb. Səfir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirərək, qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Natiq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin növbəti təxribatlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı keçirdiyini qeyd edib və 24 saatdan az müddətdə ölkəmizin suverenliyinin tam bərpa edildiyini söyləyib. 

Milli Məclisin deputatı Qaya Məmmədov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi ilə tarixi Qələbənin əldə edildiyini qeyd edib. Deputat Anım Günündə Moldovada yaşayan bu qədər soydaşımızın iştirak etməsinin qürurverici hal olduğunu bildirərək, harada yaşamasından asılı olmayaraq soydaşlarımızın Azərbaycan dövlətinin yanında olmasının vacibliyindən bəhs edib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə sona çatdığını qeyd edib, işğal altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. E.Bayramov torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimizin misilsiz şücaət göstərdiyini, öz qəhrəmanlığı ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazdığını vurğulayıb. E.Bayramov müharibə dövründə Moldovada yaşayan azərbaycanlıların cəbhədən gələn xəbərləri maraqla izlədiklərini və torpaqlarımızın işğaldan azad olunmasına böyük sevinclə yanaşdıqlarını qeyd edib.

 

 

 

 

 

 

Arxiv üzrə axtarış