Aleksandru Muntyanu: Moldova daha çox azərbaycanlı investorların cəlb edilməsinə açıqdır
Moldova Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına, işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsinə və daha çox azərbaycanlı investorların cəlb edilməsinə açıqdır.
Bunu Moldovanın Baş naziri Aleksandru Muntyanu Azərbaycanın Moldovada səfiri Ülvi Baxşəliyevlə görüşündə söyləyib.
Görüşdə ikitərəfli əməkdaşlığın, xüsusilə də ticarət-iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub.
Aleksandru Muntyanu investisiya üçün Moldovanın maraq dairələrinə kənd təsərrüfatı və enerji sahələri daxil olduğunu vurğulayıb.
Eyni zamanda, Moldova-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyinə daha çox ikitərəfli səfərlər təşkil etməklə siyasi dialoqun təşviqi, habelə mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi daxildir.

