Moldovanın Kişineu şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş barelyef quraşdırılıb
Azərbaycanın Moldovadakı səfirliyinin önündəki bağçada Xocalı soyqırımına həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.
Açılışda Moldova Parlamentinin sədri İqor Qrosu iştirak edib. Həmçinin tədbirə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri, yerli KİV nümayəndələri qatılıblar.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Xocalı soyqırımına həsr olunmuş müraciətini oxuyub. O qeyd edib ki, barelyefin Kişineu şəhərində açılışı Xocalı soyqırımının Moldovada tanınması istiqamətində aparılan işlərin daha bir təzahürüdür.
Moldova Parlamentinin spikeri İqor Qrosu çıxışında Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi qiymətin verilməsi məsələsinin vacibliyinə toxunub. Bildirib ki, firavan gələcəyi təmin etmək üçün əvvəlcə keçmişdə baş verən bu kimi dəhşətli hadisələrə ədalət prinsiplərinə əsaslanan doğru qiymət verilməlidir.
Barelyefin üzərində “Ana harayı” kompozisiyası, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı barədə sözləri təsvir olunub. Eyni zamanda, barelyefdə Xocalı soyqırımı haqqında məlumatlar öz əksini tapıb.